Dortmund Qran-prisində güləşçilərimiz 3 qızıl medal qazanıblar

14:50 4 İyul 2016

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turnirinə yekun vurulub.

Turnirin ikinci günündə 57, 61, 70 və 125 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü üç qızıl və bir gümüş medalla başa vurublar.

Turnirdə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev yarışa dörddəbir final mərhələsindən start verib. Özbəkistan və Almaniyadan olan rəqiblərini böyük fərqlə üstələyən güləşçimiz finala yüksəlib. Son görüşdə Polşadan Krustof Bienkovskini də üstələyən H.Əliyev turnirin qızıl medalını qazanıb.

Digər güləşçimiz Gitinomaqomed Hacıyev (70 kq) Türkiyə və Qazaxıstandan olan rəqiblərindən güclü olub və finala yüksəlib. Finalda Almaniya təmsilçisi Vickel Lennardı da məğlub edən güləşçimiz turnirin qızıl medalına yiyələnib.

Cəmaləddin Məhəmmədov (125 kq) isə komanda yoldaşlarından fərqli olaraq bir görüş artıq keçirib. Mübarizəyə səkkizdəbir finaldan qoşulan idmançımız Qazaxıstan, Ukrayna və Polşadan olan rəqiblərini məğlub edib. Finala yüksələn təmsilçimiz son görüşdə Qazaxıstan idmançısı Daulet Şabanbayla qarşılaşıb. Rəqibini məğlub edən C.Məhəmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışda 57 kiloqram çəkidə mübarizəyə qoşulan Mircəlal Həsənzadə də yarışa dörddəbir finaldan başlayıb. Güləşçimiz ardıcıl olaraq Almaniyanın iki idmançısını məğlub edib və finala yüksəlib. Finalda ABŞ idmançısı Denis Danielə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıblar. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıblar. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib.


Digər xəbərlər

Xəbər xətti