Şahin Diniyev: "Əlimizi yanımıza salıb təslim olmayacağıq"

21:53 6 İyul 2016

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Daçiya” ilə səfər oyunu üçün bu gün Moldovaya gədən “Kəpəz” Kişinyovda “Aria Hotel”də yerləşib. 


Sportarena.az xəbər verir ki, Gəncə klubunu Avropada fəaliyyət göstərən “Milli Dəstə” azarkeş qrupunun həmtəsisçilərindən olan Şamil Mustafayev qarşılayıb.


Oteldə nahar və qısa istirahətdən sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyevin qarşıdakı oyun öncəsi mətbuat konfransı keçirilib. 


Çalışdırıcı “Jolly Alon” mehmanxanasında yerli və azərbaycanlı media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb: 
“Hamınızı salamlayıram. Düşünürəm ki, Bakıda keçirilən oyun həm azarkeşlər, həm də jurnalistlər üçün baxımlı olmuşdu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk yarıda bizim qol vəziyyətlərimiz daha çox olmuş, ikinci hissədə üstünlük rəqibin tərəfinə keçmişdi. Hardasa heç-heçə ədalətli nəticə idi. Onda da demişdim, indi bir daha söyləmək istəyirəm ki, cütün taleyi Kişinyovda həll olunacaq. Komandalar bir-birinə layiqdilər, çünki güclər bərabər səviyyədədir. Evdə “Daçiya” daha yaxşı oynamağa çalışacaq. Biz də əvvəlcədən əlimizi yanımıza salıb təslim olmayacağıq, meydanda gərgin mübarizə olacaq. Tərəflərin tur keçmək şansı eynidir. Mərhələ keçsək, bu, mənim qarşıdan gələn 50 illik yubileyimə futbolçulardan ən böyük hədiyyə olacaq. Hazırlıq üçün vaxtımız az olub. Qısa zaman kəsiyində hərtərəfli hazırlaşmaq, ideal forma yığmaq, oyun təcrübəsi qazanmaq çətin olar. Moldovada futbol oynamışam, burada yaxşı günlərim olub. Unutmadığım məşqçilər, komanda yoldaşlarım var. Kişinyov mənə çox doğmadı”. 


Digər xəbərlər

Xəbər xətti