"Favorit "Daçiya" olsa da, hər iki klubun da növbəti mərhələyə adlamaq şansı var"

12:49 7 İyul 2016

"Bakı" klubu və Moldova millisinin sabiq üzvü Aleksey Savinov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Daçiya" - "Kəpəz" matçından əvvəl müsahibəsi

- Oyun haqda fikirləriniz necədir? Hansı komanda favoritdir və Azərbaycan klubu sürpriz edə bilər?

- Oyun Moldovada olacaq, ona görə də "Daçiya”nı şanslı hesab edirəm. Ancaq Bakıdakı oyunda "Kəpəz"in yaxşı oynadığını, bərabərsəviyyəli matçın getdiyini gördüm. Hər halda Bakıdakı görüşdə "Kəpəz" qalib də gələ bilərdi. Favorit "Daçiya" olsa da, hər iki klubun da növbəti mərhələyə adlamaq şansı var.

- "Daçiya" "Kəpəz"ə yuxarıdan aşağı baxırdı. Bu nədən irəli gəlir?

- "Daçiya" "Kəpəz"i qiymətləndirmədi və sizin klubun qol şansları da çox oldu. Cavab oyununda “Daçiya”nın daha məsuliyyətli olacağına ümidvaram və belədə "Kəpəz" üçün daha çətin olacaq.

- Şahin Diniyevi yəqin ki, tanıyırsız. Şəxsən onun bu oyundan komandasını üzüağ çıxaracağını düşünürsüzmü?

- Əlbəttə ki, Diniyevi tanıyıram. Düzdür, onunla birlikdə işləməmişəm. Amma çox yaxşı mütəxəssis olduğunu, rəqib komandanın oyununa çox fikir verdiyini bilirəm. Məncə, Şahin Diniyev "Daçiya" önündə necə sürpriz etməli olduğunu bilir.

- Matç Speya şəhərində olacaq. Bu “Daçiya” üçün mənfi haldır?

- Məncə, görüş Kişinyovda keçirilsəydi "Daçiya"nı daha çox azarkeş dəstəkləyərdi. Speyada yaxşı ot örtüyü və yaxşı şərait var. Ancaq azarkeşlərin az olacağı faktdır. Təbii ki, bu da pis haldır. “Daçiya” çempionatda da oyunlarını bu stadionda keçirirdi və onlar üçün doğmadır.

- Rəqibin büdcəsi nə qədərdir?

- Deyə bilmərəm. Çünki bundan heç xəbərim də yoxdur.

- "Qarabağ" və "Qəbələ"dən az, "Kəpəz"dən daha çoxdur?

- Bəli, elədiki var.

- Azərbaycan futbolu ilə maraqlanırsızmı?
- Əlbəttə.

- "Bakı"nın durumu heç də yaxşı deyil...

- “Heç də yaxşı deyil” cümləsi məncə, azdır, "Bakı" "katastrofik" durumdadır. Təbii ki, bu da yaxşı hal deyil. Çünki "Bakı"nın böyük adı var idi, Azərbaycanın brendlərindən idi. Komandaya və infrastruktura böyük pullar yatırıldı. İki dəfə çempion olduq, iki dəfə ölkə kubokunu qazandıq, avrokuboklarda oynadıq.

- Sizcə komanda niyə bu günə düşdü?

- Cavab birdir - pul yoxdur. Pul yoxdursa futbol da yoxdur.

- “Bakı”nın sizə borcu qalıb?

- Bəli, mən və Vadim Borets FİFA-da işi udduq. Ali qurum bizim xeyrimizə qərar çıxardı. Ancaq indiyə kimi heç pul almamışıq. “Bakı”nın mənə bir illik maaş borcu qalıb.

- Komandada olanda tez-tez məşqçi və oyunçular dəyişilirdi. Elə komandada olanda düşünürdün ki, bunun axırı ola bilməz?

- İstənilən klub üçün oyunçu və məşqçilərin tez-tez dəyişməsi yaxşı deyil. “Bakı”da 5 ilə yaxın oynadım. Orada olduğum müddətdə 7 baş məşqçi dəyişikliyi oldu. Qyoko Hacıyevski, Bülənt Qorxmaz, Cüneyt Biçər, Nazim Süleymanov, Vinfred Şefer, Aleksandr Starkovs, Novruz Əzimov, Boşko Bandoviç və Milinko Pantiç “Bakı”nın baş məşqçisi oldu. Kötük saxlanmaq şərtilə 2-3 nəfər gedib, digərləri gələ bilər.

- Nə vaxtsa məşqçi kimi Azərbaycanda çalışmaq istəyərdinizmi?

- Azərbaycanda işləməklə çox şad olardım. Çünki ora ikinci vətən kimidir. Azərbaycanda iş üçün hər bir şərait var. Bakıda işləmək üçün daha yaxşı şərait var.

- Premyer Liqada gələn mövsümdən 8 klub mübarizə aparacaq. Buna nə ad vermək olar?
- Çempionat başlayandan sonra 16 komandadan ikisinin-üçünün çıxışını dayandırmasındansa, 8 maddi durumu stabil olan klub mübarizə aparsa daha yaxşı olar. Az olsa daha yaxşıdır. Ümidvaram ki, hər şey daha yaxşı olacaq.
(report)


Digər xəbərlər

Xəbər xətti