Vəli Qasımov: "Qışqırırdım ki, tələsməyin"

23:36 14 İyul 2016

“Rəqibin təcrübəsi çox idi. Fərdi cəhətdən güclü oyunçulara malikdilər”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Vəli Qasımov deyib.
 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Makedoniyanın “Şkendiya” klubunu qəbul edən “Neftçi” meydanı qolsuz bərabərliklə tərk edib. Matçdan sonra keçirilən mətbuat konfransında Qasımov bunları deyib: “Mərhələni keçmək bizə çətin olacaq. Amma keçsək, ola bilsin, qrup mərhələsində oynayaq”.
 

- Ehtiyat hücumçunun olmaması işinizi çətinləşdirdi?
- Bəzi oyunçular ikinci hissədə yorulurlar. Ehtiyat qüvvə isə yoxdu. Bunun da təsiri oldu.
 

- “Neftçi”nin futbolçuları fərdi oyuna daha çox üstünlük verirdilər...
- Qol epizodlarımız oldu. Zərbə vurmaq lazım olan anda topu özlərində saxlayırdılar. Deməli, futbolçularımızın ustalıq səviyyələri çatmırdı. Təcrübəli oyunçu lazım olanda top saxlayır, lazım olanda qapını axtarır. Rəqibin üzvləri belə davranırdılar.
 

- “Neftçi” sanki meydana qol buraxmamaq üçün çıxmışdı...
- İstəyirdik ki, top buraxmayaq. Amma həm də istəyirdik ki, qol vuraq. Amma alınmadı.
 

- “Neftçi”nin oyunçuları bəzi epizodlarda vaxt uzadırdılar. Bu, sizin tapşırığınız idi?
- Bəzi oyunçular müdafiəyə vaxtında qayıtmırdılar. Əsasən də azərbaycanlı oyunçular. Futbolçuların vaxt uzatdığı anları xatırlamıram. Elə anlar görmədim. Bəzən mən qışqırırdım ki, tələsməyin. Bunu da ona görə edirdim ki, yersiz top itirməyək.(apasport.az)


Xəbər xətti