Sənin nəyini deyim, Avropa... - YAZI

15:57 15 İyul 2016

Özgə vaxt Avropadakılar özlərini elə aparırdılar ki, elə bil Salyan meşələrini bunlar yaradıb. Hər işimizə qarışırdılar, nöqsan tutmağa bəhanə axtarırdılar. Süzməmizə dodaq büzür, pendirimizi bəyənmir, deputat seçməyimizə “ilişirdilər". Təsadüfən kimsə öz xanımının əvəzinə də səs verəndə elə hay-küy salırdılar ki, elə bil Venesiya şəhərini su basıb.
Bir gecənin içində bu avropalıların maskası yırtıldı. Məlum oldu ki, bu zalımların işi-gücü elə saxtakarlıqla gün keçirmək imiş, sadəcə, iz azdırmaq üçün yekə-yekə danışırmışlar. Bir görün özlərindən o qədər arxayın imişlər ki, Avropa Çempionatının finalında da camaatla üskük-üskük oynamaq istəyirmişlər. Və oynayıblar da...
Final oyununa kim baxmadı? Kimin qalib gəlməsini qoyuram bir kənara, nəyimə lazım. Guya qalib milli alacağı 25 milyon avrodan mənə nəsə verəcək? Şəxsən mənə o saxtakarların heç quruca 25 qəpiyi də lazım deyil, dəysin UEFA-nın baş ofisinin başına. Sonuncu oyun günü yatmayıb oyaq qalan kimdən soruşsam deyəcək ki, final qarşılaşmasını İngiltərədən gələn FİFA referesi Mark Klattenburq idarə edirdi. Amma əslində... Avropalılar elə ən böyük saxtakarlığı baş hakimin başında çatladıblar. Finala stadiondan baxan, köhnə qitənin hər yerindən televizor vasitəsi ilə xəbər tutan azarkeşlər də elə biliblər ki, fit çalan ingilis Klattenburqdu. Demə, referi Klattenburq deyilmiş. Fırıldağın üstü dünən səhər tezdən açılıb, özü də sırf təsadüf üzündən...
Deməli belə, bir neçə gün əvvələ qayıdaq. Hamı Fransa və Portuqaliya milliləri arasında keçiriləcək final oyununu gözləyir. UEFA-nın başbilənlərinə açılan telefon zəngi onların qanını qaraldır. Məlum olur ki, final qarşılaşmasına baş hakim kimi təyinat verdikləri bu həmin Mark Klattenburq Eyfel qülləsinin böyründəki “Tezbazar" kafesində qurbağa cızbızı ilə pivə vuranda zəhərlənib. Az zəhərlən də, zalım balası, nə xəbərdi... Hami bir-birinin üzünə baxıb, bəs, fransızlarla portuqalları fit altında kim oynatsın? Moşu Göyəzənli demişkən, budur məsələ! UEFA-nın baş ofisində baş fırladanlardan biri tez əlindəki mobil telefonla Bakıya zəng edir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova deyir ki, qardaş, barmağımız yanır, ömründə sən də kiminsə yanan barmağına ilkin yardım göstər. Sözündən çıxmayan hakimlərdən birini göndər finalı yola versin. Xaqani bəy əvvəlcə çox dərinə getməyib, çünki zəngdən qabaq mobil telefonunda rəhmətlik “Rəvan"la mərhum “Xəzər Lənkəran"ın oyununa, həmin oyunda referi Ramil Diniyevin çıxardığı oyuna baxırmış. 107-ci dəfə baxdığı bu oyundan sonra Hakimlər Komitəsinin başqanı baş barmağını dişləyib. Dişləyən kimi də Ramil Diniyev yadına düşüb. Dərhal zəng edib tapşırıb ki, ey dili-qafil, başını Pirşağıda islat, Parisdə qırxdır. Diniyev də deyib ki, baş üstə başqan, sənin sözün yerə düşüncə, “Palmali"nin gəmisi deşilsin. Və Pirşağıda islatdığı başını Parisdə qırxdırıb. Final oyununa 2 saat 37 dəqiqə qalmış özünü yetirib stadiona. Görüb ki, buralar ona yaman tanış gəlir, eynən “Bayıl Arena"ya oxşayır. Avropadakı saxtakarlar da Ramil Diniyevi yüksək səviyyədə qarşılayıblar. Tez qrimləyib azərbaycanlı Diniyevi ingilis Mark Klattenburqa çeviriblər. Sənin nəyini deyim, Avropa, saxtakarlıq belə də yox da, heç olmasa, bir kəlmə elan edəydiniz ki, finalı ingilis yox, azərbaycanlı referi idarə edir. Diliniz quruyardı? Görüm elə diliniz qurusun, İbrahim Borçalının son hit mahnısını sonacan oxuya bilməyəsiniz... Görəsən, bu biabırçılıqdan sonra yenə Avropa bizə düzlük dərsi keçmək istəyəcək?
Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti

 


Digər xəbərlər

Xəbər xətti