"Futbolçular bizə sual verirlər ki, "bizim yaşımız tamam olandan sonra hara gedəcəyik, hansı yaş qrupunda çıxış edəcəyik?" - LAYİHƏ

21:32 17 İyul 2016

Cənub futbolu dedikdə ağlımıza ilk olaraq “Xəzər Lənkəran” klubu gəlir. 2004-cü ildə yaradılan bu komanda Azərbaycan, eləcə də cənub futboluna böyük rəng qatmışdı. 


Klub yaradıldıqdan bir müddət sonra “Xəzər Lənkəran” Futbol Akademiyası fəaliyyətə başladı. Fəaliyyətinin ilk ilində akademiyanın U-10, U-12, U-13, U-15 və U-17 yaş qrupları üzrə komandaları Regional Liqada çıxış etməyə başladı. Klubun aşağı yaş qrupları üzrə komandaları yarandığı ilk illərdən öz gücünü göstərərək ilk yerlərdə qərarlaşıb və final görüşlərinə vəsiqələr qazanıb.


Son mövsüm akademiyanın U-15 komandası çempionatın gümüş, U-19 komandası isə bürünc medalına yiyələnib. Akademiyanın 17 yaşadək futbolçulardan ibarət komandası isə mövsüm ərzində ilk “3-lük”də qərarlaşsa da, çempionatı 6-cı pillədə başa vurub. Buna səbəb isə U-17-dən  2 futbolçunun əsas komandaya, 4 futbolçunun isə əvəzedici komandanın heyətinə cəlb olunması idi. 


Akademiyanın qazandığı uğurlara baxmayaraq, uğura gedən yolda bir sıra problemlərlə üzləşdiyi də məlum məsələdir. 


Məlum olduğu kimi son mövsüm maliyyə çətinlikləri ilə üzləşən “Xəzər Lənkəran” klubu fəaliyyətini dayandırdığını bəyan etdi. Lakin klub fəaliyyətini dayandırmasına baxmayaraq, akademiya hələ də fəaliyyət göstərməkdədir. Sözsüz, məlum maliyyə məsələləri akademiyaya da təsirsiz ötüşməyib. Belə ki, aşağı yaş qrupları üzrə olan komandalardan yalnız 3-ü – U-13, U-14 və U-17 fəaliyyətinə davam edəcək və AFFA-nın təşkil etdiyi yarışlarda çıxış edəcək.


Beləliklə, sportarena.az saytı olaraq, “Xəzər Lənkəran” Futbol Akademiyasının çatışmazlıqları və problemlərini araşdırmaq, həmin problemlərin aradan qaldırılmasının yollarını tapmağa çalışdıq. Bunun üçün yollandıq “Xəzər Lənkəran” Futbol Klubunun bazasına.


Akademiyanın durumu, infrastruktur problemi, futbolçuların qidalanması və təhsil problemi, çatışmazlıqlarını və bir sıra digər məsələləri yaxından öyrənmək məqsədilə “Xəzər Lənkəran” Futbol Akademiyasının direktoru və hər üç komandasının məşqçisi kimi fəaliyyət göstərən Ağadadaş Həmidovla əlaqə saxladıq.


Çatışmazlıqlar və problemlər


Akademiyanın ərazisi ilə yaxından tanış olduqdan sonra hər şeyin standartlara cavab verdiyini xüsusilə qeyd etmək lazımdır. Son dövrlərdə Bakıda tikilən bir çox stadionlarda uşaq futboluna yer ayrılmadığı halda, region klubunun belə bir şərait yaratması sevindirici haldır.

“Sözün doğrusu, indiyədək akademiyamızda uşaqlara lazım olan hər şey tamamilə qaydasında olub. Əsas komandada problemlərin olduğu göz qabağında idi, amma bu halların heç biri akademiyamıza təsir etməyib. İndiyədək hər il mövsüm əvvəlində 10 yaşlı uşaqlardan tutmuş əvəzedici heyətədək olan komandalara 5 dəst idman geyimi verilib. Akademiyada qalan uşaqlarımızın qidalanmasında da heç bir problem yaşanmayıb. Sözsüz, bəzi çatışmazlıqlarımız da olub. Məsələn, biz hər hansı bir yaş qrupunu baxışa çağıranda gözlədiyimiz qədər seçimimiz olmur. Əlbəttə, bura Lənkərandır, Bakı deyil ki, baxışa çağırdığımızda 100-lərlə uşaq gəlsin. Bu da anlaşılandır. Bəzi hallarda da valideynlər uşaqlarını akademiyaya göndərmək istəmir. Buna səbəb isə ölkə futbolumuza inamın olmamasıdır.

Biz təkcə Lənkərandan deyil, digər rayonlardan: Masallı, Cəlilabad, Lerik, Astara və Biləsuvardan olan perspektivli uşaqların da akademiyada məşqlərə qoşulmasını təmin etmişik. Akademiyamız klubun avtobusları ilə uşaqları hər gün məşq üçün bazaya gətirib, aparıb.Bildiyiniz kimi, yeni mövsümdən akademiya yalnız 3 komanda ilə hazırlıq keçəcək və çempionatlarda iştirak edəcək. Bu da uşaqlarda inamsızlıq yaradır. Bu ilin yekununda digər yaş qruplarımız fəaliyyətini dayandırdığı üçün bir neçə futbolçumuz azad agent kimi digər klublara transfer olundu. Onlardan İbrahim Qədirzadəni və Yusif Həsənovu (hər ikisi “İnter”) xüsusilə qeyd etmək lazımdır. Hazırda U-17 komandamızda bir neçə perspektivli futbolçumuz var. Həmin futbolçular indi bizə sual verirlər ki, “bizim yaşımız tamam olandan sonra hara gedəcəyik, hansı yaş qrupunda çıxış edəcəyik?”. Təbii ki, akademiyamızın U-19 komandası da fəaliyyətini dayandırdığı üçün, həmin futbolçular azad agent olacaq. Bu da məşqçilərə təsir edir, əziyyətləri boşa gedir. Sözün doğrusu, bu il bizim üçün bir az çətin olacaq. 


Qidalanma


“Akademiyamızda hər zaman yemək proqramlarına həkim nəzarəti olub. Əsas komandanın həkimləri hər zaman akademiyanın yetirmələrinin qidalanmasına nəzarət ediblər. Bundan əlavə, həm əsas komanda, həm də akademiyanın yetirmələri hər zaman eyni yeməkxanadan istifadə ediblər. Lakin yeniyetmələr akademiyada nə qədər düzgün qidalansalar da, bu rejim evə getdiklərində pozulur. Akademiyamızda hər ay valideynlərlə iclaslar təşkil olunur. Həmin iclaslarda bir çox məsələlərlə yanaşı qidalanma barədə də söhbətlər aparırıq. Lakin bir çox valideynlər deyilənlərə əməl etsə də, bəzilərinin maddi durumu buna imkan vermir. Bunun üçün biz özümüz hər şeyi etməyə çalışırıq. Akademiyamızda vitaminlərdən bacardığımız qədər az istifadə edirik. Əsas komanda və əvəzedicilərdən başqa, U-19 komandasında istifadə olunub, o da cüzi miqdarda”.


Yeniyetmə futbolçuların təhsil problemi


“Bildiyiniz kimi, 10-14 yaş arası komandaların ölkə çempionatı oyunları həftəsonu, yuxarı yaş qruplarının komandalarının oyunları isə iş günləri keçirilir. Bu isə o deməkdir ki, həmin uşaqlar həftədə 1 dəfə dərs buraxmalı olurlar. Təbii ki, hər bir valideyn uşağının oxumasını, savadlı olmasını istəyər. Bu problemi aradan qaldırmaq üçün biz ciddi işlər görmüşük. Belə ki, uzaq rayonlardan gələn və akademiyamızda qalan futbolçuların valideynləri ilə görüşüb, həmin uşaqların Lənkəranda təhsil almasının lazım olduğunu bildirmişik. Valideynlər də öz növbəsində gəlib, məktəblə tanış olub razılaşıblar və uşaqlarının sənədlərini məktəblərə təqdim ediblər. Akademiyamızın yaxınlığında Sütəmordov kənd orta məktəbi var. Akademiyanın futbolçuları həmin məktəbə rahat bir şəkildə gedib dərsləri ilə məşğul ola bilirlər. Biz futbolçularımızın oxuduqları məktəblərə müvafiq xəbərdarlıq edirik ki, məsələn, həftənin birinci günü 17 yaşlılar oynayacaq, bu səbəbdən filan şagird dərsə gəlməyəcək. Bu barədə akademiyamızdan məktəblərə bildirişlər göndərilir. Məktəblər də həmin şagirdlərin hazırlaşması üçün müvafiq tədbirlər həyata keçirir.


Bundan əlavə, hər ay valideynlərlə görüşlər təşkil olunur. Bu, həm uşaqların darıxmaması üçün, həm də onlarla söhbətləşməyimiz üçün keçirilir. 


Biz akademiyada 14 yaşdan aşağı olan yaş qruplarını bazada saxlamırıq. Çünki onlar hələ uşaqdır və ailələri üçün darıxacaq. Bu, onların psixoloji durumlarına təsir edəcək. Amma həmin uşaqlar 15 yaşa çatdıqdan sonra bizim məşqçilər onların arasında ən yaxşılarını seçib akademiyada qalması üçün valideynlərinə bildirirlər. Bundan əlavə, digər rayonlarda olan və akademiyada qalmayan azyaşlılar üçün də bir sıra tədbirlər görmüşük. Belə ki, akademiyamız Masallı, Astara, Cəlilabad və Lerik kimi rayonlarda xüsusi məşqçi/müəllimlər seçib, həmən məşqçilərə aylıq məvacib ödəyərək azyaşlıların məşq etməsi üçün imkan yaradıb. Həmən azyaşlılar da 15 yaşa çatdıqdan sonra akademiyamız tərəfindən qəbul olunur və burada məşq keçməyə başlanılır”.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İlkin İsmayılzadə


Xəbər xətti