Azərbaycanlı futbolçu Rusiya klubuna lazım olmadı

15:15 20 İyul 2016

Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Emin Mahmudovla yollarını ayırıb. 

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi "Twitter" hesabında 24 yaşlı yarımmüdafiəçinin Samara komandasını tərk etdiyi açıqlanıb.


Baş direktor Vitali Şaşkov TASS-a Mahmudovla müqaviləni, çox güman ki, qarşılıqlı razılıq əsasında pozacaqlarını bildirib: "Eminə heç bir ödəniş edilməyəcək. O, özünü başqa klubda sınamaq istəyir. Biz isə həmin mövqeni gücləndirmək istəyirik. Klubumuzun şəxsən Mahmudova iradı yoxdur. O, yaxşı futbolçu və insandır".


Mahmudov "Krılya Sovetov"a 2013-cü ildə Moskva "Spartak"ından transfer olub. Futbolçu ötən mövsümü icarə əsasında "Mordoviya"da keçirib.


Qeyd edək ki, bu yaxınlarda daha bir Azərbaycan əsilli futbolçu Ramil Şeydayev "Zenit"lə yollarını ayırıb. O, Türkiyə "Trabzonspor"u ilə müqavilə bağlayıb və AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib.(report)


Xəbər xətti