Roman Qriqorçuk: "Zəif rəqiblərlə üz-üzə gəlməyi xoşlamıram"

00:08 22 İyul 2016

“Bu gün komanda yaxşı oyun göstərdi, növbəti mərhələyə adladı. Çox şadam”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “qırmızı-qaralar” Macarıstanın MTK klubunu qəbul ediblər. İlk matçda 2:1 hesablı üstünlük əldə edən “Qəbələ” bu dəfə də rəqibindən güclü olub – 2:0.
 
Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk qələbəni şərh edib: “Bu gün komanda istədiyim kimi çıxış etdi. Düzdü, ideal oyun sərgiləmədik. Ümumiyyətlə, bu, həyatımızda nadir hallarda baş verir. Səhvlərimizi düzəltməliyik, amma onlar çox olmadı. Ümumilikdə, razı qaldım”.
 
- Macarıstandakı qələbədən sonra növbəti rəqibiniz “Lill”in oyunlarını təhlil etməyə başlamışdızmı?
- Xeyr, onların oyunlarına baxmamışam. Mən heç vaxt yalan danışmıram. “Lill”in oyunlarına bu gecədən etibarən baxacağam.
 
- MKT-nin baş məşqçisi özlərini Avropanın ən yaxşı komandalarından biri adlandırdı. Siz də rəqib barədə bu fikirdəsiz?
- Mən həmkarımla tamamilə razıyam. MTK çox ciddi komandadı, Avropa səviyyəsindədi. Şadam ki, bu komandaya qalib gəlmək bizə müəssər oldu.
 
- “Qəbələ” tarixində ilk dəfə Avrokubokda bir rəqibini hər iki oyunda məğlub etdi. Bu, rəqibi yaxşı təhlil etməyinizdən irəli gəlir?

- Yenə deyirəm, MTK yaxşı komandadı. Mən onlara qalib gəldiyimizdən məmnunam. Qələbə qazanmağımız onlardan yaxşı oyun göstərməyimiz, daha yaxşı hazırlaşmağımızla bağlıdı.
 
- Matçın sonlarında rəqib futbolçular kobud oynamağa başlamışdılar. Qorxmurduz ki, MTK-nın üzvləri oyunçularınızı zədələyə bilərdilər?
 - Mən heç vaxt belə şeydən qorxmuram. Qorxmaq, çəkinmək lazım deyil, düzgün yaşamaq lazımdı. Mən çox əvəzetmə etməyi xoşlamıram. İstəyirəm ki, əsas heyəti daha da yuxarı qaldıraq. Amma bu, o demək deyil ki, digər oyunçulara güvənmirəm. Sadəcə, komanda yaxşı oyun sərgiləyirsə, artıq əvəzetmə reallaşdırmağın nə mənası var?
 
- Azərbaycan çempionatında legioner limiti olduğundan, bu heyətlə çıxış etmək mümkün olmayacaq. Bu amil indidən sizi narahat edirmi?

- Bu sarıdan məni heç nə narahat edə bilməz. Hər futbolçunun məşq etmək, oynamaq şansı var. Kim hazır olacaqsa, o da çempionat görüşündə meydana çıxacaq. Təbii ki, reqlament də nəzərə alınacaq, ona əməl edəcəyik. Yenə də ən yaxşı futbolçular əsas heyətdə yer alacaq.
 
- Ötən il bu vaxt Bakıya “Apollon” gəlmişdi, indi isə “Lill” təşrif buyuracaq. Həyəcan hissləri eynidimi?
- “Lill” böyük komandadı, onun bura gəlməsi bizə yalnız sevindirə bilər. Mən çox razıyam. Şadam ki, həyatımda belə rəqiblərlə qarşılaşmaq imkanım olur. Mən zəif rəqiblərlə üz-üzə gəlməyi xoşlamıram. Allah bizə kömək etdi, yenidən belə imkan qazandıq. “Lill” kimi komandaya qalib gəlmək bizim üçün böyük uğur olar.
 
- Ötən il daha çox Rafael Santosu meydanda görürdük. İndi isə Vitai Verniduba əsas heyətdə şans verirsiz. Bu nə ilə bağlıdı?
- Bizim yanaşmamız dəyişməyib. Meydana həmin gün daha hazırlıqlı olan oyunçu çıxır. Düşünmürəm ki, mən bu yanaşmamı dəyişəm.
 
- Keçən il Aleksey Antonov çox tənqid olunsa da, hər dəfə onun tərəfini saxlayırdız. Bəlkə indi bunun səbəbini açıqlayasınız?
- Antonov, mən və klub düzgün qərarlar verdik. Onunla yüksək nəticələr əldə etmişəm. Antonova hörmətim, sevgim böyükdü. Onu mükəmməl futbolçu sayıram və bir yerdə işlədiyimiz üçün “sağ ol” deyirəm.
 
- Teo Uiks komandadan ayrılan Dodonun yoxluğunu unutdurubmu?
- Niyə Dodo ilə Uiksi müqayisə edirik? Onlar müxtəlif mövqelərdə çıxış edirlər. Belə olan halda, müqayisə etməyin nə mənası var? Mən oyunçuları ayırmaq istəmirəm. Hər iki futbolçu yaxşı oyunlar göstərib, yaxşı nəticələr əldə edib. Biz heç kimi siyahıdan silə bilmərik. Müqayisə aparmaq mənasızdı. Dodonu sevirəm. Ona və ailəsinə uğurlar arzulayıram. İstəyərəm ki, Dodo 50 yaşına kimi futbol oynasın.

apasport.az


Digər xəbərlər

Xəbər xətti