Vəli Qasımov: "Bu gün hamı onu qəhrəman kimi görəcəkdi"

10:17 22 İyul 2016

“Rəqibi təbrik edirəm. Düzü, onların qol vuracağını gözləyirdik. Sonrakı dəqiqələrdə meydanda azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirmək üçün risk etdik. Amma alınmadı”.

Bu sözləri "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov deyib.
 
"Ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq mübarizə dayandırıb. Görüşdən sonra təşkil olunan mətbuat konfransında Qasımov məğlubiyyətə şərh verib.
 
O, Vance Şikovun ikinci hissədə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulmasına görə cəzalandırılmayacağını deyib. Futbolçunun aldığı ilk "sarı"nın səbəbini anlamadığını deyən məşqçi ikinci epizodun sırf mübarizə məqamı olduğunu deyib: “Futbolda belə şeylər olur. Məncə, onu cəzalandırmaq üçün elə bir əsas yoxdu”.
 
- Bu gün yarımmüdafiə xəttində Murad Ağayevi oynatdınız. Onun səhvləri kifayət qədər çox oldu...
 - Heyətdə futbolçu çatışmazlığı var. Orta xətdə oyunçularımız çox azdır. Ehtiyatda oturanların dördü müdafiəçi idi. Seleksiya işini davam etdiririk.
 
- Bu gün bir neçə dəfə hakimlərə sərt etiraz etdiniz. Hakimliyi necə dəyərləndirirsiniz?
 - Bəzi mübahisəli epizodlar oldu. Məncə, səhvlər var idi. Ona görə də bir neçə dəfə qışqıraraq etiraz etdim.
 
- Cavid İmamverdiyev son dəqiqədə bir neçə metrdən qapını nişan ala bilmədi. Düşünmürsünüzmü ki, peşəkar futbolçu belə etməməlidi?
 - Cavid “Neftçi”nin oyunçusudu və həmin epizodda qol vursaydı, bu gün hamı onu qəhrəman kimi görəcəkdi. Ümumiyyətlə, kifayət qədər qol vurmaq şansı əldə etdik, amma dəyərləndirə bilmədik.
 
- Sizə elə gəlmir ki, cütün taleyi ilk oyunda həll olunmuşdu?
 - Mən bu fikirlə tam razı deyiləm. Bakıdakı oyunda hər iki komanda qol buraxmamağa çalışırdı. Burada da əsas məqsədimiz bu idi. Lakin ilk yarıda qapımızı toxunulmaz saxlaya bilmədik. Fasilədən sonra irəli atıldıq. Hətta Şikovun qovulmasından sonra da riskə getdik.
 


Digər xəbərlər

Xəbər xətti