UEFA klubların yeni reytinq cədvəlini açıqladı

15:54 22 İyul 2016

Avrokubokların ikinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

Ötən gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları siyahıda növbəti dəyişikliklərə səbəb olub. İspaniyanın və Almaniyanın başçılıq etdiyi siyahıda Belarus 18-ci yeri İsveçdən, Norveç isə 20-ci pilləni Danimarkadan geri alıb. Makedoniya 2, Monteneqro 1 pillə irəliləyib, Estoniya və Ermənistan isə geriləyib. Ümumilikdə 54 ölkədən 14-ü üçün avrokubok mövsümü başa çatıb. Üçüncü təsnifat mərhələsində 40 ölkə klubları çıxış edəcək.

Azərbaycan isə hesabına növbəti 0,250 xal əlavə edib. Bu, “Qəbələ”nin Macarıstanın MTK komandası üzərində qələbəsi sayəsində təmin olunub – 2:0. “Neftçi”nin “Şkendiya”ya uduzması (0:1) isə xal qazanmağımıza mane olub. Bununla da cari mövsüm əldə etdiyimiz xal 1,875-ə çatıb. Bunun 0,750-si “Qəbələ”nin aktivindədir. “Qarabağ”, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

Beş mövsümün nəticələrinə görə, 15,375 xalı olan Azərbaycan 24-cü pillədə qalıb. Lakin 23-cü olan Şotlandiya xal fərqini 1,050-ə qədər artırıb. Ən yaxın izləyicimiz Kipr isə fərqi 0,200-ə endirib.


Xəbər xətti