Sportarena.az
21 Sentyabr 2017

"Xəzər Lənkəran" cənub futboluna nə qazandırdı? (FOTOLAR) - LAYİHƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Sportarena.az saytı “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Layihənin növbəti mərhələsində 12 illik tarixi ərzində Azərbaycan futboluna damğasını vuran “Xəzər Lənkəran” klubunun yaranma tarixindən, uğurlarından, çatışmazlıqlarından və problemlərindən, infrastrukturundan və çöküş dövründən danışacağıq. “Xəzər Lənkəran” barəsində ətraflı məlumat əldə etmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. 


Lənkəran futbolunda yeni günəş

“2004-cü ildə Cənub futboluna yeni nəfəs gəldi – “Xəzər Lənkəran” yarandı. Bu xəbəri eşidən insanların bir çoxları buna inanmasa da, Lənkəran rayonunun mərkəzi stationunun ot örtüyünün sökülməsindən və stadionda yenidənqurma işləri aparılmasına başlandıqdan sonra insanların ürəyindəki bütün şübhələr aradan qalxdı. Lakin futbolu anlayan insanları daha bir sual narahat edirdi: klubun sponsoru kim olacaq? Çünki insanlar bilirdilər ki, sponsor olmadan bir klub yaşaya bilməz. Daha sonra hər kəs komandanın sponsorunun “Palmali” Şirkətlər Qrupunun olduğunu bildi. O “Palmali” ki dünyanın ən böyük beş gəmi daşıyıcılıq şirkətlərindən biri idi”. 


Tarixən ölkəmizin futbol şəhərlərindən biri olan Lənkəranda yeni klubun yaranması ilə Azərbaycan futboluna yeni bir günəş doğdu. Komanda yarandığı il güclülər dəstəsində mübarizəyə başlayarkən heyətinə güclü legioner futbolçular transfer edib güclü baş məşqçi – Rasim Kara ilə 2004-2005 mövsümündə çempionatda iştirak edirdi. Klubun ilk baş məşqçisi yerli mütəxəssis Nazim Süleymanov idi. Lakin avrokuboklarda iştirak etmək istəyən komanda yavaş-yavaş liderlər qrupundan aralı düşürdü. Bu səbəbdən rəhbərlik ilk dövrənin ortalarında komandanın baş məşqçi postuna türkiyəli məşhur futbol mütəxəssisi olan Rasim Karanı gətirdi. R.Kara komandanın “sükanı arxasına” keçdikdən sonra Azərbaycan futbolu tarixinə damğa vuran transferlər edərək komandaya yeni nəfəs verdi. Beləliklə, komanda yarandığı ilk ilində lider “Neftçi” klubu ilə xal sayını eyniləşdirərək turnir cədvəlinin ilk pillələrini bölüşdülər. Çempionatın qalibin müəyyənləşdirmək üçün isə neytral meydanda bu iki komanda arasında “qızıl oyun” keçirilməli idi. Gəncədə keçirilən oyunda “Xəzər Lənkəran” ilk hissədə hesabı açsa da, ikinci hissədə qapısında iki top görərək məğlub oldu və çempionatı gümüş medallarla başa vurdu.


Komandanın qazandığı uğurlar

Yarandığı ildəcə çempionatın gümüş medallarına yiyələnən komanda növbəti mövsümdə inamsız təsir bağışladı. Buna səbəb komandanın daxilində baş verən bir sıra problemlər və baş məşqçi dəyişikliyi idi. Komanda 2005/06 mövsümünü 7-ci pillədə başa vurdu.


Mövsümə yeni baş məşqçi – Ağasəlim Mircavadovla başlayan “Xəzər Lənkəran”, nəhayət, istəyinə nail ola bildi. Son turda Qəbələnin “Gilan” klubuna qalib gələn Lənkəran təmsilçisi çempionluğunu rəsmiləşdirərək ilk titulunu qazandı. Amma komandanı daha bir titul – Azərbaycan kuboku gözləyirdi. 


Çempionatda uğurla çıxış edən “ağ-yaşıllar” Azərbaycan kubokunda da inamla irəliləyirdilər. Finala vəsiqə qazanan Lənkəran təmsilçisinin rəqibi “MKT – Araz” klubu idi. Bu matçda da qalib gələn “ağ-yaşıllar” “qızıl dubl”la mövsümü başa vurdular.Ölkə çempionatında layiqli nəticəni qazanan Ağasəlim Mircavadovun komandasını daha çətin sınaq gözləyirdi... Komanda Çempionlar Liqasında mübarizəyə başlayırdı. Lakin bu mübarizə başladığı kimi bitdi. Çünki püşkatma zamanı “Xəzər Lənkəran”a qat-qat güclü olan rəqib – Xorvatiyanın “Dinamo” Zaqreb klubu düşmüşdü. 


İlk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “ağ-yaşıllar” “Dinamo” ilə 1:1 hesablı bərabərlik əldə etsə  də, cavab qarşılaşmasında 3:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.


Mövsümü “qızıl dubl”la başa vuran Lənkəran təmsilçisini qarşıdan daha bir kubok gözləyirdi. Belə ki, “Xəzər-Lənkəran” MDB ölkələrinin çempionları arasında keçirilən “Birlik kuboku”na (red. – bu ildən etibarən “Birlik kuboku” turniri ləğv edilib) qatılırdı. Həmin vaxta qədər sözügedən kuboku Azərbaycan çempionları arasında yalnız “Neftçi” klubu qazana bilmişdi. Beləliklə, Lənkəran təmsilçisi mötəbər turnirdə inamlı çıxış edərək finala qədər irəliləyə bildi. Final görüşündə isə “ağ-yaşıllar” Özbəkistanın “Paxtakor” klubu ilə qarşılaşırdılar. “Xəzər Lənkəran”ın 4:3 hesabı ilə qalib gəldiyi final görüşünü izləyənlər arasında UEFA-nın həmin zamankı prezidenti Mişel Platini və FİFA-nın sabiq prezidenti Jozef Blatter də var idi. Beləliklə, final görüşündə qalib gələn “Xəzər Lənkəran” titullarının yanına daha bir kubok əlavə etdi.Növbəti mövsümdə komanda çempionatda uğurlu çıxış edə bilməsə də, ölkə kubokunu qazanaraq azarkeşlərini sevindirə bilmişdi.

“Xəzər Lənkəran”ın uğurları:

Azərbaycan çempionatı
Qızıl medal: 2006/2007
Gümüş medal: 2004/2005, 2010/2011, 2011/2012
Azərbaycan Kuboku
Qalib: 2006/2007, 2007/2008, 2010/2011
Finalçı: 2009/2010, 2012/2013
Azərbaycan Superkuboku
Qalib: 2013
Beynəlxalq turnirlərdə
“Birlik Kuboku”
Qalib: 2008

“Fırtınalar meydanı”nın fırtına kimi azarkeşləri

“Bizim ən böyük gücümüz, ən böyük qazandığımız uğur azarkeşlərimizdir. Hal-hazırda ölkəmizdə elə stadionlar var ki, bəzən komandanın oyunlarına 15-20 min azarkeş gəlir, amma həmin azarkeşlər “Xəzər Lənkəran”ın 3 min azarkeşinin yaratdığı ab-havanı yarada bilmir. Düzdür, azarkeşlərimiz bəzən komandadan narazı qalıb, bəzən inciyib, amma bu da komandanı çox sevdiyindən olub. Azarkeşlər “Xəzər Lənkəran” yarandığı gündən komandaya sahib çıxdılar. Çünki “Xəzər Lənkəran”, demək olar ki, regionu təmsil edirdi. Cənub regionunda futbola maraq o qədər çoxdur ki, klub yarandıqdan sonra azarkeşlər nəticədən aslı olmayaraq stadiona axışaraq komandanı dəstəkləyirdilər. Söz yox, son günlərdə komandanın oyunlarına 200-300 azarkeş gəlirdi, amma bu da komandanın bir qüvvəsi, dəstəyi idi. Bilirsiniz, belə bir şey mümkün deyil ki, bir bölgənin tarixi ilə bağlı olan bir məfhum sonsuzadək yox olsun. Mən inanıram ki, o günəş bir zaman yenə doğacaq, o azarkeş kütləsi yenə geri dönəcək”.


Klubun infrastruktur imkanları

“Hazırda Azərbaycanda elə klub var ki, 90 illik tarixi var, amma bazası yoxdur. Azərbaycanda ilk dəfə belə əzəmətli bazanı məhz “Xəzər Lənkəran” klubu inşa edib. Komandanın bazası bütün müasir standartlara cavab verir. Bazanın daxilində futbolçular üçün nəzərdə tutulmuş binadan başqa, trenajor zalı, su hovuzu, masaj otaqları, sauna və tibb mərkəzi var. Komandanın bazası, demək olar ki, Avropanın bir çox klublarının bazası ilə eyni səviyyədədir. Komandamız hal-hazırda fəaliyyətini dayandırmasına baxmayaraq, əsas və əlavə meydança hər gün sulanır.Stadionun açılış mərasimi 2009-cu il aprel ayının 11-də baş tutmuşdu. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev də iştirak etmişdi. Stadionun açılış mərasimi ilə əlaqədar “Xəzər Lənkəran” ilə “Neftçi” arasında yoldaşlıq görüşü keçirildi və komandamız qələbə qazandı”.Çöküşə doğru gedən yol

“Komanda çökməyə iki böyük baş məşqçi – Con Benjamin Toşak və Mustafa Dənizlinin uğur qazana bilməməsindən sonra başladı. Bir çox insanlar hər iki baş məşqçinin uğur qazana bilməməsində rəhbərliyi günahlandırırdılar. Amma rəhbərlik məşqçiyə hər zaman dəstək verib. Əlbəttə, bu dəstək müəyyən bir zaman kəsiyində olur. Çünki məşqçi əgər komandaya uğur qazandıra bilmirsə, həmin dəstək istər-istəməz kəsilir. Toşakın ardınca Mustafa Dənizlinin də uğur qazana bilməməsi komandada ab-havanı dəyişdi. Bundan əlavə, FİFA da kluba sanksiya tətbiq etməyə başladı. Bu səbəbdən istər-istəməz problemlər yaranmağa başladı. 


Mənim ən çox təəssüfləndiyim isə son mövsümün əvvəlindəki “Xəzər Lənkəran”ın dağılması oldu. Bildiyiniz kimi mövsümün əvvəlində Yunis Hüseynov komandaya başçılıq edirdi və çox gözəl kollektiv formalaşdırmışdı. Heyət elə gözəl futbolçulardan təşkil olunmuşdu ki, bəlkə də, sona qədər davam edə bilsəydik, heç bir komanda qarşımızda dura bilməyəcəkdi. 


Mən 4 il “Xəzər Lənkəran”da işlədim, indiyədək komandada belə bir heyətin, ab-havanın qurulduğunu görmədim. Bütün futbolçular bir-birinə elə mehriban idilər ki, insan baxdıqca fərəhlənirdi.


Lakin bildiyiniz kimi FİFA komandaya verilmiş transfer qadağasını ləğv etmədi, bu səbədən yeni transferlər həyata keçirə bilmədik. Daha sonra komandada maliyyə problemləri başladı. Bu da bir çox futbolçuların komandadan ayrılmasına gətirib çıxardı. Maliyyə problemlərinə görə Premyer Liqada iştirak üçün lisenziyanı ala bilmədik və nəticədə komanda fəaliyyətini dayandırdı”.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

İlkin İsmayılzadə

Tarix
25.07.16 [04:34]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Sentyabr
20 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio