UEFA milli komandamızı cəzalandırdı

17:07 26 İyul 2016

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 turniri çərçivəsində 08.05.2016-cı il tarixində keçirilmiş Azərbaycan U-17 – Belçika U-17 oyununda qeydə alınmış xoşagəlməz halla bağlı UEFA qərar qəbul edib.
 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət etmişdilər. UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırmış və AFFA-dan məsələyə münasibət bildirməsini tələb etmişdir. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilmiş, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunmuşdur.


Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu  cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan “No to Racism” (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. 


Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları oyununda icra olunacaq.


Xəbər xətti