"Qəbələ"dən böyükhesablı qələbə

15:59 27 İyul 2016

Yeni mövsümə hazırlaşan “Qəbələ”nin əvəzedici komandası daha bir yoxlama oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan “qırmızı-qaralar” I divizion təmsilçisi “Şuşa-Qarabağ”la qarşılaşıb.


Matçın gedişində məğlub duruma düşən Hüseynqulu Quliyevin yetirmələri 4 qol vuraraq 4:1 hesablı əzmkar qələbə qazanıblar. Böyük hesabla qalib gələn komandanın heyətində Ravil Yusifli 2, Ramil Hasanovla Rövlan Muradov hərəyə 1 qol vurublar. Bu, əvəzedicilərin Bakı toplanışında 2-ci qələbəsi olub. Belə ki, iyulun 22-dən paytaxtda hazırlıq keçən “Qəbələ” ayın 24-də I divizion klubu “Qaradağ-Lökbatan”la görüşüb. Həmin matçda 2:1 hesabı ilə qalib gələn komandanın heyətində Ülvi İsgəndərov və Bəhlul Mustafazadə fərqləniblər.


Xatırladaq ki, ötən mövsümün çempionu olan "Qəbələ"nin əvəzediciləri yeni mövsümün hazırlıqlarını iyulun 29-da keçiriləcək yoxlama matçı ilə tamamlayacaq. Quliyevin yetirmələri həmin gün Qəbələdə I divizion klubu “Ağsu”nu sınağa çəkəcək. Bu matçdan sonra iki günlük fasiləyə buraxılacaq komanda ardından yeni mövsümün I turunun “Kəpəz”lə görüşünə hazırlaşacaq.


Digər xəbərlər

Xəbər xətti