"Gənc futbolçular da məcburən divizion klublarına və ya həvəskar liqaya üz tuturlar" - LAYİHƏ

17:15 31 İyul 2016

Sportarena.az saytı “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Layihənin növbəti mərhələsində “Xəzər Lənkəran” futbol klubunun yetirməsi olan və son mövsüm klubun məlum problemlərlə üzləşdiyi zaman heyətə cəlb olunmuş futbolçu Fərid Əsədov barəsində danışacağıq  və cənub futbolunu gənc futbolçuna gözündən baxmağa çalışacağıq.


Həyatda uğur qazanmaq üçün əzmkarlıq, güc, ağıl və istedaddan başqa insanda bəxt də lazımdır. Həyatda olduğu kimi futbolda da bu amil öz sözünü deyir. Bəxti üzünə gülməyən futbolçulardan biri də Fərid Əsədovdur. Fəridin futbolçu ailəsində dünyaya göz açması, onun bu sahədə inkişafına da təsirini göstərib. Bəli, futbolçu ailəsində. Fərid Əsədovun atası bir zamanlar Azərbaycan klublarının qapıçılarının kabusuna çevrilmiş futbolçu Fazil Əsədovdur. O, SSRİ çempionatının II dəstəsində çıxış edən “Xəzər” (Lənkəran), “Vosxod” (Sumqayıt), “Avtomobilçi” (Mingəçevir) futbol klublarında oynamışdır. F.Əsədov “Xəzər-Lənkəran” klubunun əvəzedici heyətində, “Xəzər-Lənkəran-2”, “Masallı”, “Sərhədçi” (Astara) komandalarında baş məşqçi kimi fəaliyyət göstərib. F.Əsədov 1982-ci ildə yeniyetmələr arasında SSRİ çempionu, “Ümid” kubokunun qalibidir. Qüvvətli zərbələrə malik olan Fazil Əsədov qapıçıların qorxulu yuxusuna çevrilmişdi.

 

Hələ uşaq vaxtlarından futbola marağı olan Fərid gününü futbol oynamaqla keçirirdi. Bu da onun futbolçu kimi yetişməsinə böyük kömək edib. 

-    Fərid, uşaqkən, demək olar ki, hər kəs futbol oynayır, lakin çox az insan bunu davam etdirir. Sənin futbolda qalmağına səbəb nə oldu?
-    Futbola gəlişim hələ lap uşaq vaxtlarımdan başlayıb. Gözümü açdığımdan atamın futbol oynadığını görmüşəm, özümdə də futbola maraq yaranıb. Futbola da məni, demək olar ki, atam gətirib. Hardasa 3-4 yaşım olanda o vaxtı hələ  “Xəzər Lənkəran”ın yeni stadionu tikilməmişdi, amma orada meydança var idi, biz də gedib oynayırdıq. Həmin vaxt hələ “Xəzər Lənkəran” Futbol Akademiyası yaranmamışdı. Bizə həmin köhnə stadionda Daşdəmir adlı müəllim məşq keçirdi. Orada yaşca məndən böyük olanlar var idi. Futbolu həmin insanlardan öyrənməyə başlamışam. 
-    Futbola gəlməyində atanın köməyi olubmu?
-    Əlbəttə. Futbola gəlməyimdə atamın əməyi böyük olub. Bayaq dediyim kimi gözümü açandan atamın futbol oynadığını görmüşəm, özümdə də futbola sevgi yaranıb. Atam da futbola sevgimi görüb, mənə çox məsləhətlər verib. Bunun nəticəsində uşaqkən (red. – 12-13 yaşlarında) U.G.İ.M-də oynamışam. Bir dəfə ölkə birincisi, bir dəfə də ikincisi olmuşuq. 
-    Fərid, adətən valideynlər uşaqlarını futbol oynamağa deyil, dərs oxumağa köklənməsini istəyirlər. Bəs uşaq vaxtı səndən dərs oxumağını, yoxsa futbolçu olmağını istəyirdilər?
-    Hər ikisinə. Bu sarıdan çox əziyyət çəkmişəm. Atamın futbolla bağlı olmasına baxmayaraq, o da dərslərimə daha çox önəm verməyimi istəyərdi, anam da həmçinin. Amma mən həmişə futbolu seçmişəm. Deməzdim dərslərimi çox yaxşı oxumuşam. Daha doğrusu 7-ci sinifədək yaxşı oxumuşam hətta şərəf löhvəsində də şəkilim olub. Amma sonradan futbola marağım daha da artdı və dərs oxumamağa başladım. 

Yığma komandamızın aşağı yaş quruplarında da çıxış etmiş gənc futbolçu bir çox uğurlar qazanıb. Belə ki, yaşının olmasına baxmayaraq, özünü doğruldan futbolçu milli komandamızın aşağı yaş qruplarında çıxış etməyə başlayır...

-    “Xəzər Lənkəran” Futbol Akademiyasında məşqlərimə davam etdiyim vaxtlarda milli komandanın heyətinə çağırıldım. İlk dəfə 15 yaşımda U-15 komandasında çıxış etməyə başladım. Daha sonra U-16, U-17 və U-19 milli komandalarımızın heyətində çıxış etməyə başladım.
-    Yığma komandalarımızın aşağı yaş qruplarında çıxış edərkən hansı uğurları qazanmısan?
-    U-16-da çıxış edərkən İtaliyanın Florensiya şəhərində təşkil olunmuş turnirdə ikinci yeri tutduq. Söz yox, həmin turnir klublar arasında idi, həm də digər iştirakçılar U-17 komandaları ilə qatılmışdılar, amma biz milli komandamızla təmsil olunurduq. Demək olar ki, turnirin favoriti “Roma”nın U-17 komandası idi. Lakin biz finala qədər irəliləyə bildik. Finalda isə 3:0 hesabı ilə məğlub olduq və gümüş medal qazandıq. -    Fərid, maraqlıdır necə oldu ki, yığmanın heyətinə qatıldığın ilk ilindəcə İtaliyaya aparıldın?
-    Sözün doğrusu, həmin vaxt maraqlı hadisə baş vermişdi. Həmin vaxt İtaliyaya aparılacaq heyəti seçmək üçün məşqlər keçirilirdi. Mənim də həmin zaman ayağım əzilmişdi, başımda da zədə var idi. Amma axsıyaraq, zədəli halda oynayırdım. Həmin vaxt milliyə yeni alman baş məşqçi Nikolay Adam gəlmişdi. Yoxlama oyunu zamanı o, mənim oyunumu yarım saat izlədi, sonra məni öz yanına çağırıb: “sən get istirahət et. Mən səni İtaliyaya aparacağam”, - dedi. Həmin vaxt N.Adam orada məndən başqa heç kimi birbaşa milliyə çağırmamışdı. İtaliyaya gedəndə bildim ki, milliyə kimlər dəvət alıb. 
-    U-19-un heyətində əsas heyətə düşə bilməməyinin səbəbi nə idi?
-    U-19-da sadəcə bəxtim gətirmədi. İlk çağırıldığım vaxtlarda 1994-1995-ci il təvəllüdlü futbolçular oynayırdı. Onların yanında həm fiziki, həm də bir az təcrübə cəhətdən zəif idim. Buna görə əsas heyətə düşə bilmirdim. Həmin zamanlar komandada 3-4 nəfər 1996-cı il təvəllüdlü futbolçu vardısa, onlardan biri də mən idim. 
-    Artıq milliyə çağırılmırsan?
-    Bu yaxınlarda U-20-nin toplanışı olmalıdır. Ora dəvət almışam. İnanıram ki, klubsuz olmağıma baxmayaraq, özümü yaxşı cəhətdən göstərə biləcəyəm.
-    Hazırda klubsuzsan. Formanı saxlamaq üçün məşq edirsənmi?
-    Əlbəttə. Elə də güclü məşqlər etməsəm də, yüngül hərəkətlərlə formada qalmağa çalışıram. 
-    Atan məşqlərinə kömək edirmi?
-    Demək olar ki, hər gün. Hər səhər oyananda “Fərid, dur, getdik” deyir. Atamın məsləhətləri olmasaydı, bəlkə də, bu səviyyəyə gəlib çatmazdım. 

Futbolçu olmaq arzusu Fərid Əsədovun yolunu “Xəzər Lənkəran” Futbol Akademiyasına gətirdi. Akademiyadakı məşqlərdə özünü doğruldan Fərid komandanın aşağı yaş qruplarında çıxış etməyə başlayır. Bundan sonra daha çox təcrübə yığan futbolçu çıxış etdiyi U-15, U-16 və U-17 komandalarında kapitan sarğısını daşımağa layiq görülür.-    Akademiyada məşqlərə neçə yaşından başlamısan?

-    Səhv etmirəmsə, 14 yaşım var idi. Həmin yaşımdan məşqlərə başladım daha sonra U-15-də çıxış etdim. Həmişə 10 nömrəli formanı geyinirdim. 
-    “Xəzər Lənkəran”ın uşaq futbolunda hər hansı titulun varmı?
-    Xeyr. Biz o vaxtı ən yaxşı komandalardan idik. Amma uğur qazana bilmədik. Həmin vaxtı akademiyaya türklər gəlmişdi, onlar bizimlə danışırdılar, məsləhətlər verirdilər. Hətta bizə o qədər özgüvən vermişdilər ki, biz özümüzü çempion hesab edirdik, amma bacara bilmədik. 
-    “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında hansı komandalarında çıxış etmisən?
-    İlk olaraq U-15-dən başlamışam. Daha sonra U-16, U-17 və U-19-da çıxış etmişəm. Son mövsüm isə bizi əvəzedici komandaya çağırdılar. Daha sonra əvəzedici heyətdən əsas heyətə mənimlə birlikdə 2 futbolçunu – Zaman Mirzəzadə və Kamran Abdullazadəni çağırdılar. Həmin zaman sırf ilk “18-lik”i doldurmaq üçün çağırılırdıq. Yunis Hüseynov ilk dəfə məni əsas komandaya dəvət etmişdi.
-    Oyunlarda sənə şans verilirdimi?
-    Əsas heyətdə ilk oyunum “İnter”ə qarşı olub, cəmi 1 dəqiqə meydanda olmuşam. Əsas komandada çox az oyunlarda mənə şans verilirdi. Bu da mənim özümü göstərməyimə mane olurdu.
-    Səncə, hansı səbəbdən meydana çıxa bilmirdin? Fiziki durumun buna imkan vermirdi, yoxsa başqa səbəbdən?
-    Yox, fiziki durumum həmişə yaxşı olub. Sadəcə məşqçilər məndə daha çox texniki cəhətə üstünlük verirdilər. Meydanda əzmkarlığım olmadığı üçün məşqçilər mənə şans verməyə bilərlər. Əsasən ötürmə etməyi sevirəm. Bu da məşqçilərin məndə ən çox sevdikləri bir şey idi. -    Yunis Hüseynov komandanın baş məşqçisi olanda sən bir neçə oyunda meydana çıxdın. Amma Elbrus Məmmədov əsas komandaya baş məşqçi təyin olunanda isə meydanda görünmədin. Buna səbəb nə idi?
-    Düzdür, Y.Hüseynov hər bir gənc futbolçu kimi mənə də şans verirdi. Amma o getdikdən sonra bu şansı görmədin. Buna səbəb də Elbrus Məmmədovla aramda olan bəzi problemlər idi. O, baş məşqçi postuna gələndən sonra dördüncü dövrənin ilk turlarında mən komandanı tərk etdim. 
-    Elbrus Məmmədovla nə problemin var idi?
-    Hardasa, 2-3 il əvvəl başlamışdı bu problemlər. O vaxtı mən əvəzedicidə oynayanda E.Məmmədovla aramızda anlaşılmazlıq oldu. Həmin vaxt komanda təlim-məşq toplanışına gedirdi, mənim də İdman Akademiyasına imtahanım var idi. Bu səbəbdən toplanışda iştirak etməyib imtahanımı verdim və qəbul oldum. Komanda toplanışdan qayıdandan sonra Elbrus müəllim məni bir neçə oyunda oynatmadı, mən də əvəzedicilərdən ayrıldım. Deyirdi ki, toplanışda iştirak etməmisən. Halbuki mən imtahana hazırlaşdığım vaxtlarda da məşqlərimi etmişəm. Atam hər zamankı kimi mənə kömək edirdi. Daha sonra Elbrus müəllim əvəzedici komandadan ayrıldıqda mən yenidən heyətə qoşuldum. Sonra yenə Elbrus müəllim əvəzedici komandaya baş məşqçi təyin olundu, amma bu dəfə məni oynatmaya bilmədi. Çünki özümü ən yaxşı cəhətdən göstərmişdim və əsas heyət oyunçusu idim. 

Ölkədə baş verən devalvasiya futbola da təsirsiz ötüşmədi. Bu səbəbdən bir çox futbol klubları çətinliklərlə üzləşdi. Maliyyə problemi səbəbi ilə növbəti mövsüm Premyer Liqada çıxış edəcək komandalarımızın bir çoxu büdcələrini azaltdı. Maliyyə problemi, xüsusən də, öz sponsorları hesabına yaşayan komandalara daha çox təsir etdi. Az sayda olan belə klublardan biri də “Xəzər Lənkəran” idi. Komandanın əsas problemlərindən biri də maliyyə idi. Məhz bu səbəbdən son mövsümün qış fasiləsi zamanı təcrübəli əsas heyət oyunçuları komandanı tərk etdi. Bundan sonra klub öz yetirmələrinin köməyindən istifadə etməyə başladı. Sözsüz ki, bu gənc futbolçuların inkişafına müsbət təsir edirdi, amma maliyyə problemi yenə öz sözünü dedi.-    Klubsuz qalmaq gənc futbolçu üçün, həqiqətən, heç də yaxşı deyil. Hər bir futbolçu güclü komandada oynamağı arzulayır. Mən də qarşımda olan seçimlərdən ən yaxşısını seçmək istəyirəm. Qarşımda bir neçə təklif var, hələ fikirləşirəm.

-    Son illər Azərbaycan futbolunda ciddi maliyyə problemi var. Sənin buna münasibətin necədir?
-    Fikrimcə, gənc futbolçu üçün maaş elə də ciddi problem olmamalıdır. Zatən, o, öz gücünü göstərsə lazımi qiyməti alacaq. Maliyyə Azərbaycan futboluna, həqiqətən, ciddi problemlər yaradıb. Təsəvvür edin, bu il Premyer Liqada 8 komanda çıxış edir. Gələn il bu rəqəm 6-ya da düşə bilər. Söz yox, maliyyə gənc futbolçuların inkişafına da təsir göstərir. Çünki klublar heyətinə  xaricdən futbolçu gətirir və uğur qazanmağa çalışır, bu da gənc futbolçuların inkişafı üçün problem yaradır. Gənc futbolçular da məcburən divizion klublarına və ya həvəskar liqaya üz tuturlar. Orada da taleyləri ya üzünə gülür, hansısa güclü kluba keçir, ya da bir müddət sonra özünə başqa bir peşə seçirlər.
-    İstər aşağı yaş qruplarında oynadıqda, istərsə də hazırki dövrdə digər klublardan sənə təkliflər gəlibmi?
-    Aşağı yaş qruplarında oynadığımda daha çox təkliflər gəlirdi. Hətta həmin vaxt “Qəbələ” klubu təzə yaranmışdı, biz də onlarla oynayırdıq. Biz o zaman “Qəbələ”ni 5:0 hesabı ilə məğlub etdik. O matçdan sonra “Qəbələ” məni almaq istəyirdi, amma getmədim. Aşağı yaş qruplarında oynayarkən “Neftçi” klubundan da təklif gəlmişdi. Amma həm özüm istəmədim, həm də atam qoymadı “Xəzər Lənkəran”a görə (gülür). 
-    Təklifləri qəbul etməməyinin səbəbi nə idi?
-    Həmin vaxtlar mən həm komandamda kapitan idim, həm də millidə oynayırdım. Ona görə “Xəzər Lənkəran”dan ayrılmaq istəmirdim. Bundan əlavə, o zamanlar evdən ayrı qalmağı xoşlamırdım. Bəlkə də, gələn təklifləri qəbul etsəydim, indi hansısa klubun əsas heyətində çıxış edirdim. Söz yox, indi də qarşımda bir neçə təklif var. Onlardan ən uyğun olanını seçməyə çalışacağam. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti