Roman Pivarnik: "Oyun penalti seriyasına qədər uzanmayacaq"

22:50 1 Avqust 2016

"Qarabağ" bizim kimi kombinasiyalı oynayır. Müdafiəsi çox güclüdü. İlk görüşdə hesabın açılmamağına əsas səbəb bu idi".

Bunu "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik deyib.
 
Plzen təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq. Görüşdən öncə təşkil olunan mətbuat konfransında iştirak edən Pivarnik  jurnalistlərin suallarını cavablandırıb.
 
 
- Sabah kim qalib gələcək: Yaxşı müdafiə olunan, yoxsa, hücum edən?
- Rəqibi də, bizi də 0:0 hesabı qane etmir. Hər iki komanda hücum etmək istəyəcək. Həm "Qarabağ", həm də biz oyunun penaltilərə getməsini istəməz. Buna görə, hər iki komanda qol vurmağa çalışacaq.
 
- Hücum xəttində kimə şans verəcəksiz?
- Bu barədə keçən dəfə də sual verilmişdi. "Qarabağ"la biz oxşar oyun sərgiləyirik. Hücumda kimin oynayacağını deyə bilmərəm. Buna oyun başlayanda şahid olacaqsız.
 
- Havanın isti olması komandanın oyununa təsir edə bilər?
- Bizim bu cür hava şəraitində oyunlarımız olub. Avstriyada 32 dərəcədə oynamışıq. Bu cür hava şəraiti bizim üçün problem deyil.
 
- Komandanız 2 gün öncə ölkə çempionatında oyun keçirib. Bu, yorğunluğa səbəb ola bilər?
 - Bu oyunların bir-birinə heç bir dəxli yoxdu. Bəzi oyunçulara həmin matçda şans verməmişdim. Yəni, yorğunluqdan söhbət gedə bilməz.
 
- 2 il öncə "Qarabağ" məhz çexiyalı hakim Miroslav Zelinkanın haqsız qərarı ilə Çempionlar Liqasından kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?
- Bundan xəbərim yoxdu.
 
- Püşkatmadan öncə potensial rəqiblər bəlli idi. "Qarabağ" sizə tanış idi?
- "Qarabağ"la düşdükdən sonra bu komanda haqda məlumat toplamağa başladıq.
 
- Stadionun vəziyyətindən razı qaldız?
- Stadion çox gözəldi. Bu cür çox stadionda oynamışıq. Düzdü, Tofiq Bəhramovu tanımıram. Ancaq demək ki, ona çox hörmət edirlər ki, bu stadiona onun adını veriblər.
 
- Penalti seriyasına xüsusi hazırlaşmısız?
- Əlbəttə, hazırıq. Ancaq düşünürəm ki, oyun penalti seriyasına qədər uzanmayacaq.
 
- Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz?

- Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi.


Digər xəbərlər

Xəbər xətti