Qriqorçuk: "Çox xoşbəxtəm"

23:31 4 Avqust 2016

“Bizim üçün vacib oyun idi. Stadionda çox gözəl, mehriban atmosfer hiss etdim”.

Bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “qırmızı-qaralar” bu gün Fransa təmsilçisi “Lill”i qəbul ediblər. Səfərdə qollu (1:1) bərabərə qalan “Qəbələ” cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə adlayıb.
 
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qriqorçuk qələbəni şərh edib: “Bu gün stadionda insanlarda qələbə arzusunu görürdüm. Stadiona gəlib bizə səmimi dəstək olan azarkeşləri sevindirmək istədik. Bu cür qələbələr bütün həyatın boyu yadda qalır. Sizinlə 15-20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq. Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi”.
 
- “Qəbələ” “Lill”ə qalib gəlməklə Azərbaycan yığmasının Fransaya 0:10 hesablı məğlubiyyətinin revanşını aldı. Siz bunu bilirsinizmi?
- Dediyiniz amili bilmirdim. Bu, böyük futbolda atılmış növbəti addımdı.
 
- Çempionatda legioner limiti dəyişməlidimi?
- Mən Azərbaycan çempionatındakı legioner limitinə görə təəccüblənirəm. Bununla heç kimi tənqid etmək istəmirəm. Amma mənim fikrimcə, legioner məsələsində limit olmamalıdı. Limitin olmasının yığmaya, klublara heç bir xeyri yoxdu. Hətta deyərdim ki, bu, bizə mane olur. Limitin aradan qaldırılması klublara qənaət də gətirə bilər. Heyətdə güclülər yer almalı, zəiflər kənarda qalmalıdı. Mənim məsələyə yanaşmam bu cürdü.
 
- Qələbəyə görə bizə qonaqlıq söz vermişdiz. Nə vaxt gedə bilərik?
- Sabah gün bir az batandan sonra saat 5-də “Cumeyra” otelində görüşə bilərik. Orda futbol oynaya, gəzə bilərik, sonra isə yemək yeyərik, sonra restorana gedərik (gülür).

apasport.az


Digər xəbərlər

Xəbər xətti