Elnur Cəfərovu meneceri aldadıb

11:59 5 Avqust 2016

Riad Rəfiyev – milli komandanın meneceri.
Elnur Cəfərovu Portuqaliyanın “Tondela” klubuna transfer edən menecer – Riad Rəfiyev.
 
Cəfərovun əli ətəyindən uzun geri göndərilməsi xəbəri aydın səmada şimşək effekti verdi. Nə oldu ki, yarımmüdafiəçinin Portuqaliya sevdası cəmi 1 ay sürdü? Rəfiyevin bu hadisəyə münasibətini öyrənmək üçün etdiyimiz bütün cəhdlər bəhrə vermədi. Daxili imkanlarımız hesabına apardığımız araşdırma isə heç də xoşagələn mənzərəyə səhnə olmadı. 
 
Cəfərovun 1 illik müqaviləyə imza atması xəbəri əslində həqiqəti əks etdirmirmiş. Futbolçuyla anlaşmaya “1 ay” bəndi də salınıbmış ki, bu barədə “Xəzər Lənkəran”ın sabiq üzvünün xəbəri olmayıb. Rəfiyev bu barədə ona heç bir məlumat verməyib. Ayın tamamında isə bu müddət kəsiyində özünü göstərə bilməyən yarımmüdafiəçiyə qapını göstəriblər.
 
Yazının bu hissəsi isə ehtimal nəzəriyyəsinə söykənir. “1 ay ərzində özünü sübut etməyəcəyi təqdirdə, müqaviləyə xitam verilə bilər” bəndindən bixəbər Elnur papağını günə verib. Məktəb partası arxasından 2 il əvvəl çıxan bir rayon uşağının psixoloji cəhətdən Portuqaliya mühitinə alışması çətin məsələdi. Böyük ehtimalla, o, heç özünü göstərmək barədə düşünməyib də. Onun təsəvvüründə əlində 1 illik anlaşma olub.
 
Qarşıdan çempionat oyunları gəldiyini zənn edən Cəfərov özünü dincə qoyub.  Rəfiyevin nəyə görə futbolçuya 1 aylıq sınaq müddətinin olması barədə məlumat vermədiyini deyə bilmərik. Ya səhlənkarlıqdan, ya şəxsi hansısa marağı səbəbindən. Eyni zamanda, Elnur Cəfərovun da günahsız olduğunu söyləmək olmaz. Deyək ki, əlində 1 illik müqavilə var və heç həmin “1 ay” bəndi mövcud deyil. Bu, məgər o deməkdi ki, get, kefini çək? Səni kurorta göndəriblər? Kurort həyatı isə uzağı 1 ay sürür. İndi Elnuru ən yaxşı halda “Zirə”, yiyə duran tapılmayacaqsa, ənənəvi olaraq, “Sumqayıt” sərgüzəştləri gözləyir. Nə fərqi var ki, “Tondela” olmasın, olsun “Sumqayıt”. 
futbolinfo.az


Xəbər xətti