Roman Qriqorçuk: "Fənərbaxça" ilə qarşılaşmaq arzusunda idim, çünki..."

15:50 5 Avqust 2016

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk apasport.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

 
- Avropa Liqasının pley-off mərhələsindəki rəqibiniz bəlli oldu. “Qəbələ” qrupa gedən yolda son olaraq, Sloveniyanın “Maribor” komandası ilə qarşılaşacaq. Püşk ürəyinizcə oldumu?
- Şansımızı dəyərləndirmək istəmirəm. Əsas odu ki, sakit və rahatıq. Amma mən “Fənərbaxça” ilə qarşılaşmaq arzusunda idim, çünki “Şükrü Saracoğlu” stadionundakı möhtəşəm atmosferi canlı yaşamaq istərdim.
 
- “Maribor” barədə fikirləriniz necədi? Sloveniya klubu “Lill”i keçən komandaya problem yarada bilərmi?
- “Fənərbaxça” ilə qarşılaşmağımız alınmadı. Amma “Maribor” da güclü rəqibdi. Avrokubokda təcrübəsi çoxdu. Onlar mütəmadi olaraq, avrokuboklarda çıxış edirlər. Bu mənada, bizi çox güclü və təcrübəli komanda ilə oyunlar gözləyir.
 
- Rəqibi təhlil etməyə bu gündən başlayacaqsız?
- Xeyr. İndi çempionat oyununa köklənmişik. Hazırda “Kəpəz”lə oyunu düşünürük. Amma paralel olaraq, “Maribor” haqda da informasiya toplayacağıq.
 
- Yəqin ki, ilk oyunun səfərdə keçirilməsi sizin üçün üstünlük olar...
- Birinci görüşün harda olacağını indidən dəqiq demək olmaz. Çünki bizimlə yanaşı avrokubokda “Qarabağ” da çıxış edir. Hər ikimiz Avropa Liqasının pley-off mərhələsində çıxış edəcəyik. Amma ilk görüşümüz səfərdə keçirilsə, daha yaxşı olar.
 
- “Lill” ilə dünənki görüşdə zədələnən Filip Ozobiç “Maribor”la ilk oyuna hazır olacaqmı?
- Dəqiq bilmirik. Tibbi müayinədən keçəndən sonra müəyyənləşəcək. Ümid edirəm ki, Ozobiç hər iki oyunda bizə kömək edə biləcək.
 
- Pley-off mərhələsinə kimi hücumçu transferini həll edə biləcəksizmi?
- Hazırkı məqamda variant yoxdu. Bilirəm ki, güclənməliyik, xüsusilə hücum xəttimizə yeni oyunçu lazımdı. Amma indi elə vəziyyət yaranıb ki, heç bir variant yoxdu.
 
- “Qəbələ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi. Komandanız bu il də eyni uğuru təkrarlaya bilər. Necə düşünürsüz, keçən ilki “Qəbələ” güclü idi, yoxsa hazırkı heyət? 
- Müqayisə aparmaq istəməzdim. Bunu zaman göstərəck. Hələ bu barədə demək tezdi. Mən həm o komandadan razı idim, həm də indikindən. Hər iki heyət verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışır.


Xəbər xətti