Poqba rəsmən "Mançester Yunayted"də

10:51 9 Avqust 2016

Fransalı futbolçu Pol Poqbanın “Mançester Yunayted”ə transferi rəsmiləşib. Offside.com.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi bununla dünya futbol tarixinin ən bahalı oyunçusu adına sahib çıxıb.

Belə ki, ingilislər bu keçid üçün “Yuventus”a iki il ərzində 105 milyon avro ödəyəcəklər. Ada təmsilçisi qarşı tərəfə bunun 72,6 milyonunu bu il, qalanını isə gələn il verəcək. Gənc oyunçu yeni komandası ilə 5 illik sazişə qol çəkib.

Tərəflər arasındakı anlaşmaya əsasən, əgər 5 ildən sonra Poqba yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, “qoca sinyora” daha 5 milyon avro qazanacaq.

Beləliklə, Pol Poqba 2013-cü ildə “Tottenhem”dən “Real”a 100 milyon avroya transfer edilən Qaret Beylin rekordunu yeniləyib.

Qeyd edək ki, Pol Poqba “Yuventus”a 2012-ci ildə məhz “Mançester Yunayted”dən keçib.


Xəbər xətti