Güləşçilərimiz Rustavidən 2 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıtdı

16:53 11 Avqust 2016

Rustavidə dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Rusiya, Ermənistan, Qazaxıstan komandaları da mübarizə aparıblar.


Sportarena.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandamız, ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.


Qızıl medalları yığmamıza Zaur Əliyev (42 kq) və Fail İsgəndərov (46 kq) qazandırıblar. Z.Əliyev finalda komanda yoldaşı Azər Muxtarlıdan üstün olsa da, F.İsgəndərov gürcüstanlı idmançını xalçadan məğlub yola salıb. Turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnur Musayev yığmamıza növbəti gümüş medalı qazandırıb. Həlledici görüşdə Rusiya idmançısına məğlub olub.


Bürünc medallara isə Araz Şükürzadə (42 kq), Mirsirac Həsənli (46 kq), Həsən Məmmədli (58 kq) və Nəsir Maşanov (76 kq) sahib olublar.


Komanda hesabında Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıblar. İlk sıranı Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutublar.


Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Tural Əliyev ölkəmizi təmsil edib.


Digər xəbərlər

Xəbər xətti