Masallı şəhər stadionu - “Mən hara gəlmişəm? Stadion, yoxsa bazar?!” - Layihə

14:27 14 Avqust 2016

Sportarena.az saytı olaraq  “Cənub  futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk. Layihəmiz çərçivəsində səfər edəcəyimiz növbəti cənub rayonu Masallı idi. Masallıda futbol deyəndə, yəqin ki, hər bir futbol azarkeşi “Viləş” klubunu göz önünə gətirir. 1967-ci ildə yaranan “Viləş” klubu 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmiş, iki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlandı, amma 2 il sonra - 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. Komanda 2006-2007 mövsümündə Azərbaycan I Divizionununda  1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub "Masallı" adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu. Bu dəfə "Viləş" Masallı FK deyə adlandırıldı və komanda həvəskar liqada çıxış etməyə başladı. 2008-ci ildə isə “Viləş” klubu fəaliyyətini tamamilə dayandırdı. 

Məqsədim sizə “Viləş”in tarixi haqqında məlumat vermək deyil. Bu məlumatları “google”də də axtarış verib oxuya bilərsiz. Deyəcəklərim isə bir vaxtlar “Viləş” kimi güclü klubu,  Anatoli Banişevski adına möhtəşəm stadionu olan Masallı futbolunun hazırkı durumudur. 

Tarixə baxdıqda, təbii ki, ilk ziyarət etməli olduğumuz  məkan “Viləş” klubunun ev oyunlarını keçirdiyi Anatoli Banişevski adına Masallı şəhər stadionu olmalı idi. Belə də etdik.  “Viləş”də 1996-2000-ci ildə məşqçi, 2006-cı ildə baş məşqçi və hal-hazırda uşaq məşqçisi kimi fəaliyyət göstərən veteran futbolçu Sehran Babayev ilə əlaqə saxladıq və yollandıq  Masallı stadionuna...
Mənzil başına çatanda isə bu mənzərə ilə üzləşdik:

Öz özümə ilk verdiyim sual bu oldu – “Mən hara gəlmişəm? Stadion, yoxsa bazar?!” Bir vaxtlar ölkənin ən böyük stadionlarından olan Masallı stadionun qapılarında artıq bilet kassaları yox, kartof, soğan satan yük maşınları var.
Bu mənzərədən sonra bizi içəridə nələr gözlədiyini təsəvvür etmək çətin deyildi. Ot, alaq basmış ərazi, dağılmış tribunalar və narkomanların “gecə klubu”na çevrilmiş “razdivalka”.  

 “Palmali” şirkətinə məxsus olan stadiona şirkətdən nə gələn var, nə də maraqlanan.  2014-cü ilin əvvəllərində daha müasir  stadion inşa etmək adı ilə Masallı stadionu  şirkət tərəfindən söküldü. Lakin o müasir, son dünya standartlarına cavab verən stadionu masalılılar ancaq xəyallarında görə bildi.  Stadion söküldü və yerinə yenisi tikilmədi. O gündən bu günə kimi də şəkillərdə gördüyünüz xarabalıq vəziyyətində qalır. 


 
Hal –hazırda bu stadionda futbola həvəsi olan uşaqlara məşq keçən Sehran Babayevin sözlərinə görə vəziyyət o həddə çatıb ki, oğurlanmasın deyə topları bayaq göstərdiyimiz bazarda saxlayırlar. Heç bir maliyyə dəstəkləri olmayan və Masallıda futbolun yaşaması üçün çalışan bu məşqçilər hər gün balacalara futbolun sirlərini təmənnasız öyrədirlər. Amma bu insanlara heç bir qurum dəstək olmur.

Masallıya gəlmişkən uşaq futbolu ilə maraqlanmamaq futbol adına günah olardı. Elə uşaq futbolu dedik ki, bizə Ərkivan qəsəbəsi dedilər. 20 min əhalisi olan bu qəsəbənin əhalisi futbola marağı ilə seçilir.  Ərkivanda uşaqlara futbol məşqi keçən Ramil Həsənov gəlməyimiz münasibəti ilə bazar günü olsa da, uşaqları məşqə çağırmışdı. Uşaqlar məşqlərini edərkən biz də stadionla tanış olduq. Uzunluğu 130 m, eni 70 m olan stadionda uşaqların futbol oynaması üçün normal şərait var. Amma yalnız oynamaları üçün. Məşqə gələn uşaqlar geyinib-soyunma otağı olmadığı üçün elə stadiondaca paltarlarını dəyişirlər. Yay üçün bu o qədər də problemli məsələ deyil, amma qışda? Məşq bitdikdən sonra uşaqların yuyunması üçün hamamı olmayan, paltarlarını dəyişmələri üçün otağı olmayan stadiona qışda heç bir valideyn uşağını məşqə qoymur. Məşqçi Ramil Həsənovla söhbətimiz zamanı öyrəndik ki, məşq etmək üçün cəmi 3 topları var. Bu topların da, necə deyərlər,  hayı gedib, vayı qalıb. 100-ə yaxın tələbəsi olan Həsənov uşaqları yarışa aparmaq üçün yol xərcini belə uşaqlardan yığır. Dəstək olmadığı üçün AFFA-nın bayrağı altında keçirilən yarışlar üçün  formanı belə uşaqlar özləri alırlar. Belə şəraitdə Masallıda futbol nə zamana kimi yaşayacaq, ona siz özünüz qərar verin.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Vüsal Yalçınoğlu

 


Digər xəbərlər

Xəbər xətti