ABŞ liderliyini davam etdirir

16:30 20 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on dörd günlük gərgin idman mübarizəsindən sonra 83 ölkənin atletləri medallara sahib ola biliblər.


Aktivində dörd gümüş və doqquz bürünc medal olan yığma komandamız bu göstərici ilə 58-ci sırada qərarlaşıb. Cüdo yarışlarında Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), qadın güləşində Mariya Stadnik (48 kq), birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə Valentin Demyanenko Azərbaycana gümüş medal qazandırıblar. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq), Rəsul Çunayev (66 kq), qadın güləşində Nataliya Sinişin (53 kq), sərbəst güləşdə Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub. Taekvondoçularımız Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar. “Rio-2016”da boksçumuz Kamran Şahsuvarlı (75 kq) üçüncü olsa da, Lorenzo Sotomayor (64 kq) isə ən az yarışın gümüş medalını təmin edib.


Hazırda Olimpiadaya hesabında 38 qızıl, 35 gümüş və 32 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 24 qızıl, 22 gümüş, 14 bürünc medalla ikinci, Çin 22 qızıl, 18 gümüş və 25 bürünc medalla üçüncü pillədə qərarlaşıb.


İlk onluğu Almaniya (14-8-13), Rusiya (13-16-19), Yaponiya (12-8-21), Fransa (9-14-14), Avstraliya (8-11-10), İtaliya (8-11-6) və Niderland (8-6-4) tamamlayır.


Xəbər xətti