Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq

16:52 27 Avqust 2016

Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq.


Olimpiadanın tamaşaçılarına “Bakı Kristal Hall”da təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan yaradılır. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.


Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar təqdim ediləcək.


Qeyd edək ki, 1956-cı il avqustun 18-də Moskvanın Qoqol bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini keçmiş SSRİ-nin tanınmış şahmat kolleksioneri peterburqlu Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.


Digər xəbərlər

Xəbər xətti