Sportarena.az
28 Fevral 2017

Zibilliyə çevrilən stadionda futbolçu yetişə bilərmi? - LAYİHƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Sportarena.az saytı “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Layihənin növbəti mərhələsində Yardımlı futbolunun inkişafına mane olan problemləri və çatışmazlıqları işıqlandırmağa çalışdıq. Bunun üçün də Yardımlı rayonuna yollandıq. Dağlıq ərazidə yerləşən Yardımlı rayonuna yaxınlaşdıqca burada futbolun hansı səbəbə inkişaf etmədiyini hiss etmək olurdu. 


Rayona çatdıqda ilk olaraq Yardımlı rayon Gənclər və İdman İdarəsinin Rəisi Anar Alışovla görüşdük. Söhbətimiz zamanı məlum oldu ki, Yardımlı rayonu AFFA bayrağı altında keçirilən yarışlarda cəmi 2 – U-10 və U-14 yaş qrupları üzrə komandalarla təmsil olunur. Amma necə?! AFFA uşaqların gediş-gəliş haqqını ödəsə də, digər çatışmazlıqları aradan qaldırmağa kömək etməyib. 2011-ci ildə Yardımlı U.G.İ.M-in bağlanmasından sonra rayonda futbol, demək olar ki, yox səviyyəsinə enib. Rayonda olan yeganə 2 min 2 yüz nəfərlik stadion isə tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən nə həvəskar liqanın iştirakçıları, nə də uşaqlar sözügedən stadionda məşq keçə bilmirlər. 


Yardımlı “Sahil” stadionu 1968-ci ildə tikilib istifadəyə verilmişdir. 2200 nəfərlik bu stadion son olaraq 2005-ci ildə yenidən təmir olunaraq istifadəyə verilimişdir. Lakin illər keçdikcə sadion yenidən bərbad vəziyyətə düşmüşdür. Hazırda rayonun həvəskar komandası ev oyunlarını bu stadionda keçirir. Lakin komandanın üzvləri formalarını geyinib-soyunma zamanı ciddi problemlə üzləşir. Belə ki, stadion təmir olunarkən bu barədə düşünməyən məsul şəxslər gəncləri pis vəziyyətdə qoyub. Əlacsızlıqdan stadion yaxınlığında olan kitabxananı seçən futbolçular oyun zamanı formalarını orada dəyişirlər.


2013-cü ildə Gənclər və İdman Nazirliyindən Yardımlı rayonunda uşaqlar üçün kiçik futbol meydançalarının tikiləcəyi barədə məlumat verilsə də, yenə “fırladılıb”. Belə ki, nazirlik Yardımlı rayonunda uşaqların məşqi üçün iki stadion tikiləcəyi barədə məlumat verib. Bir müddət sonra rayona gələn nazirliyin nümayəndələri meydançaların tikilməsi üçün göstərilən yerdə hazırlıq işlərinə başlasalar da,  sonradan “yoxa çıxıblar”.


Rayonda futbolun inkişaf etdirilməsi, stadionun və meydançaların təmir olunması üçün AFFA-ya, Gənclər və İdman Nazirliyinə lazımi məlumat verdiyini bildirən Anar Alışov: “Mən 2011-ci ildən Yardımlı rayon Gənclər və İdman İdarəsinin Rəisi vəzifəsində çalışıram. Bu müddət ərzində rayonumuzda idmanla bağlı bir çox tədbirlər keçirilib. Bu tədbirlər və yarışların bir çoxu, konsert proqramları hamısı stadionumuzda keçirilir. Bu da pis vəziyyətdə olan stadionu daha bərbad günə salır. Bu tədbirlər zamanı  rayonumuza təşrif buyuran nazirlik və ya AFFA nümayəndələri buradakı vəziyyətlə yetərincə tanış olub. Mən özüm də bu barədə bir neçə layihə Gənclər və İdman Nazirliyinə, eləcə də AFFA-ya təqdim etmişəm, amma nə fayda? 


Yardımlı Rayon İcra Hakimiyyəti həvəskar komandamızın yol xərclərini öz boynuna götürdüyü kimi stadionun təmizlik işlərində də yardım edir.  Halbuki İcra hakimiyyətinin bundan daha vacib işləri var. 


Mən dəfələrlə AFFA nümayəndələrini dəvət edərək  mövcud durumu onlara izah etmişəm. AFFA-ya deyəsi sözlərim çoxdur...”, - deyə vurğuladı.


Ölkədə futbolu inkişaf etdirmək üçün, ilk növbədə, uşaq futboluna diqqət ayırmaq lazımdır. Ölkəmizdə isə müvafiq qurumlar bu sahəyə o qədər də peşəkarcasına yanaşmırlar. Bunun bariz nümunəsi kimi Yardımlı rayonunda futbolun durumunu göstərmək olar. Çünki burada rayonun yeganə uşaq komandaları oan U-10 və U-14-ün inkişafı üçün Cənub Regional Futbol Federasiyası və AFFA tərəfindən gələn toplardan və geyimlərdən başqa, heç bir iş görülməyib. Ətrafı zibillənən və beton kimi torpaq üzərində məşq edən 10 yaşlı uşaq, təbii ki, bu haldan bezib başqa peşə arxasınca gedəcək. Və belə də olur. Necə? Rayonda fəaliyyət göstərən şahmat məktəbi uşaqların sevimli idman növünə çevrilib. Belə ki, keçirilən yarışlar, birincilik uğrunda mübarizə və mükafatlar uşaqlarda bu idman növünə qarşı böyük maraq oyadıb. Hətta, demək olar ki, valideynlər də, daşlaşmış torpaq üzərində keçirilən məşqdənsə, uşaqlarının şahmat oynamasına üstünlük verirlər. 


Təbii ki, stadionun ot örtüyü normal vəziyyətə gətirilsə, vaxtında suvarılsa, soyunub-geyinmə otağı olsa, rayonda futbola maraq yenidən yaranar. Yox,  Yardımlıda futbola maraq ölməyib. (Ən azından bunu Həvəskarlar Liqasında Yardımlının ev oyununda toplaşan azarkeş sayından bilmək olur.) Sadəcə, valideynlər uşaqlarını heç nədən çəkinməyərək məşqlərə rahat göndərə bilərlər.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İlkin İSMAYILZADƏ

Tarix
28.08.16 [14:34]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

28 Fevral
27 Fevral 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio