Məhəmməd Mirzəbəyov: "O hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm"

12:30 5 Sentyabr 2016

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də futbolun kütləviliyinin artırılması, bununla da, xüsusilə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, zərərli vərdişlərə yiyələnməməsi üçün zəmin yaradılması, cəmiyyətimiz üçün fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişməsinə öz töhfəsini verməkdir. 
 

Sportarena.az xəbər verir ki, bunu nəzərə alaraq, AFFA DÇ-2018-in seçmə mərhələsində keçirilmiş San Marino – Azərbaycan oyunundan sonra Maqomed Mirzabekovun etdiyi jestlə bağlı məsələyə biganə qalmayıb, futbolçu qurumun rəsmi saytına fikirlərini bildirib: “İlk növbədə, seçmə mərhələyə qələbə ilə başlamağımız münasibətilə Azərbaycan milli komandasının bütün azarkeşlərini təbrik edirəm. Qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanaraq bu qələbənin təsadüfi olmadığını sübuta yetirəcəyimizə ümid edirəm. Dünəndən bəri müzakirə olunan jestə gəlincə, rəqib futbolçu mənə yaxınlaşaraq formalarımızı dəyişməyimizi təklif etdi. Mən də formamı dostuma bağışlayacağımla bağlı əvvəlcədən söz verdiyimi bildirdim və sözlərimi həmin jest müşayiət etdi. Hamını əmin edir və səmimiliyimə inanmalarını xahiş edirəm ki, o jesti etməklə heç kimi təhqir etmək fikrim olmayıb və o hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm. Millinin hər bir futbolçusu təkcə özünü yox, ümumilikdə, bütün ölkəni təmsil edir. Emosiyaların təsiri altında hər hansı analoji hərəkət etməmək üçün bundan sonra daha diqqətli davranacağam və hamını əmin edirəm ki, bu məsuliyyəti yaxşı dərk edirəm”.


Qeyd edək ki, məsələ ilə bağlı AFFA tərəfindən futbolçuya müvafiq tövsiyələr verilib.


Xəbər xətti