AFFA-nın adamıyıq, xal almağa gəlmişik...

12:10 9 Sentyabr 2016

Elmar Məmmədyarovun ayağı düşərli oldu. A yığmamız nəhayət ki, seçmə mərhələyə qələbə ilə başladı, özü də 3 xalı səfərdən götürüb gəldi. Xarici işlər nazirimizin AFFA İcraiyyə Komitəsinə üzv seçilməsinə dodaq büzənlər, bu işi zarafata salanlar indi yəqin peşman olublar. Qardaşlar, diplomatiya çox ciddi sahədi, zarafatı heç sevməz.
San-Marino ilə oyundan öncə xarici işlər naziri görünür, futbolçularımızı baş məşqçi Robert Prosineçkidən də yaxşı kökləmişdi. Yığma üzvlərinin meydandakı əminliyindən belə aydın olurdu ki, Elmar müəllim San-Marinonun dünya siyasətindəki çəkisindən, tutduğu öncül mövqedən 45 dəqiqəlik mühazirə oxuyub.
Futbolçularımıza halal olsun, gözlərindən od tökülürdü. Matç boyu meydanda elə ağalıq elədilər ki, San-Marino yığmasının həvəskar oyunçularının olan-qalan həvəsi də öldü. Bax, buna deyərəm oyuna köklənmək! Xarici işlər nazirinin tövsiyələrini daha yaxşı yadda saxlayan Kamran Ağayev meydana çıxmazdan öncə meyxana da deyib:
Mal almağa gəlmişik,
Şal almağa gəlmişik.
AFFA-nın adamıyıq,
Xal almağa gəlmişik.
A yığmamız dediyinin üstündə durdu, rəqibin meydanında ondan xal aldı, FİFA ailəsinin bambalaca üzvü sayılan San-Marino yığmasını bambalaca hesabla məğlub etdi. Oyuna yaxşı köklənən futbolçularımızın matçdan sonra da işləri düzəldi. San-Marinonun heyətində yer alan oyunçularla xeyli söhbət edib, bəzi məsələləri öncədən yoluna qoydular. Bircə qalır San-Marino yığmasının Bakıya cavab səfəri.
Cavab görüşünə gələndə rəqib oyunçular bizim futbolçuların bir-iki sifarişini yerinə yetirəcəklər. Luka Tosinin yaxşı maşın ustasıdı, kapitanımız Rəşad Sadıqovun avtomobilinin balansirovkasını qaydaya salacaq. Flippo Berardinin təmizkarlığına söz ola bilməz, əla şüşə silməyi var. Bakıya gələn kimi Ağabala Ramazanova telefon açacaq, Ağabalanın yaxın dostunun yeni ofisinin bütün şüşələrini keyfiyyətlə siləcək.
Millimizin heyətində yer alan Maqomed Mirzobekov oyundan sonra məşhur əl jestini Marko Palazziyə elə-belə göstərmirdi ki... Deyirmiş ki, ay Marko, eşitmişəm yaxşı santexnika ustasısan. Mənim təzə aldığım mənzildə borular tez-tez tutulur, Bakıya gələndə bəlkə bir baxasan...
Ruslan Qurbanov Danilo Rinaldi ilə danışıb razılığa gəlib. Danilo bacarıqlı saç ustası kimi tanınır, zalım oğlunun düzəltdiyi saçı heç fələk də dağıda bilməz. Deyilənə görə, yığmamızın oyunu günü stadiona toplaşan yerli azarkeşlərin çoxu elə Rinaldinin daimi müştəriləri imiş və matçın tez bitməsini gözləyirmişlər.
Sözün açığı, yığmamızın bu seçmə mərhələdə neçə xal toplayacağı, qrupda neçənci yerə çıxacağı məni o qədər də narahat etmir. Əvvəlki dönəmlərdə nə qədər narahatlıq keçirdik nə oldu ki? Qoy indi də xarici işlər nazirimiz bu işlərə görə həyəcan keçirsin. Mən San-Marino yığmasının Bakıya gələcəyi günü səbirsizliklə gözləyirəm, heç olmasa 5-6 futbolçumuzun məişət problemləri həll olunar. San-Marino yığmasında yer alan futbolçular meydanda həvəskar olsalar da, əsas işlərini çox həvəslə görürlər. Zalım uşaqlarının hamısının əli elə bil qızıldı...

Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti


Xəbər xətti