"Qarabağ"ın direktoru : "Qəbələdəki meydançanı söküb Bakıya gətirəcəyik"

21:30 14 Sentyabr 2016

"Qarabağ” uzun müddətə icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionunun qazon problemini birdəfəlik həll edəcək. 


Sportarena.az xəbər verir ki, bu barədə klubun direktoru Əmrah Çəlikəl sportnet.az saytına açıqlamasında bunu nail olmağı qarşıya ciddi məqsəd kimi qoyduqlarını bildirib.
 

Çəlikəl bu məqsədlə "Qəbələ”də uzun müddət fəaliyyət göstərən ingiltərəli mütəxəssis Filipp Şarplesin xidmətindən istifadə etdiklərini bildirib: "Fürsətdən istifadə edərək saytınız vasitəsilə "Qəbələ” klubunun rəhbərliyinə təşəkkür etmək istəyirəm. Onlar ot sahəsi üzrə öz mütəxəssislərini bizə verdilər. Şarples artıq bir müddətdir bizimlədir, meydançalarımıza, "Tofiq Bəhramov”a, "Azərsun Arena”ya da baxır. Təbii ki, bu, "Qəbələ”nin rəhbərliyinin icazəsi ilə olur. Bu, bizim üçün çox böyük şansdır və klubun vitse-prezidenti Fariz Nəcəfova bir daha minnətdaram. "Qəbələ” bizə təmənnasız, heç bir şey güdmədən, bir kəlmə ilə yardım əlini uzatdı. Onlar bütün imkanlarını bizim üçün səfərbər etdilər. Şarples Qəbələyə gedib-gəlir, hər iki işini çatdırır. Təbii ki, əsas işi "Qəbələ” klubundadır. Filipp öz rəhbərliyinin xüsusi icazəsi ilə bizə sadəcə, kömək edir”.

 

"Qarabağ” Respublika stadionunun meydançasının ot örtüyünün birdəlik qaydasına düşməsi üçün Şarpleslə bir neçə variantlarının olduğunu söyləyib: "Bunu tam qərar verəndən sonra açıqlamağımız daha düzgün olardı. Ona görə də əslində, bu variantı söyləmək istəmirdim. Sizə eksklüziv olaraq onu deyirəm ki, "Qəbələ” rəhbərliyinin razılığı ilə Qəbələdəki bir məşq meydançasının öt örtüyünü söküb "Tofiq Bəhramov”da əkmək variantımız var. Bunu sökən və daşıyan texniki avadanlıqlar Azərbaycanda olmadığı üçün Türkiyədən və ya Rusiyadan gətirməyi nəzərdə tutmuşuq. Dubayda da bir-iki variant var. Avadanlıqlar gələndən sonra Qəbələdəki meydançanı söküb Bakıya gətirəcəyik”.


Digər xəbərlər

Xəbər xətti