Səmayə Məmmədova: "Artıq Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı problemlər yaranmayacaq" FOTOLAR

16:54 21 Sentyabr 2016

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova stadionun  ot örtüyünün durumu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, Səmayə Məmmədova açıqlamasında stadionun ot örtüyünün oyunların keçirilməsi üçün tam hazır olduğunu  vurğulayıb.

 

“Bildiyiniz kimi, bir müddət öncə Tofiq Bəhrəmov adına Respublika stadionunda ot örtüyü ilə bağlı müəyyən problemlər yarandı. Bu da, təbii ki, havaların çox isti keçməsi ilə bağlı idi. Stadion bir neçə ildir ki, “Qarabağ” klubunun istifadəsinə verilib. Stadionun ot örtüyünün tamamilə sıradan çıxmaması üçün “Qarabağ” klubunun və stadionun mütəxəssisləri qabaqlayıcı tədbirlər gördülər. Bununla da ot örtüyünün tamamilə sıradan çıxmasının qarşısını aldılar. Hal-hazırda stadionun ot örtüyünün durumuna ingilis mütəxəssis Filip Şarples nəzarət edir. F.Şarplesin bizə verdiyi zəmanətə görə, artıq stadionun ot örtüyü ilə bağlı problemlər yaranmayacaq”.


S.Məmmədova açıqlamasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaya biləcəyini də qeyd edib:


“Qarabağ”ın PAOK-u “Tofiq Bəhramov”da qəbul edib-etməyəcəyi barədə bizə çox suallar ünvanlanır. Hal-hazırda stadionun ot örtüyünün durumuna baxdıqda “Qarabağ”ın PAOK klubunu burada qəbul edə biləcəyini demək olar”.


Xəbər xətti