Respublika stadionunun direktoru: "Əgər ot örtüyünə mən nəzarət etsəydim..." - MÜSAHİBƏ

18:05 21 Sentyabr 2016

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda stadionun direktoru Şamil Quliyev ot örtüyünün durumu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.


Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Hal-hazırda Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə “Qəbələ” klubunun mütəxəssisi Filip Şarples nəzarət edir. Təbii ki, F.Şarples bu işə uzun müddət nəzarət edə bilməyəcək. Siz hazırda ot örtüyünə nəzarət üçün mütəxəssis hazırlayırsınızmı?

- Bəli. Şarples buraya gəldiyində özü ilə bir nəfər də gətirmişdi. Hazırda birlikdə çalışırlar. Yəqin ki, F.Şarples getdikdən sonra biz həmin mütəxəssislə müqavilə imzalayacağıq.

 

- O da xarici mütəxəssisdir?
- Yox, həmvətənimizdir. “Qəbələ” klubunda çalışır. 
 

- Demək olar ki, hər il “Tofiq Bəhramov”da ot örtüyü ilə bağlı problemlər olur. Bu, yəqin ki, ot örtüyünün altına olan qum qatı ilə bağlıdır. Ümumiyyətlə, ot örtüyünün alt qatlarını dəyişməyi düşünürsünüzmü?
- Mənim fikrimcə, qum qatının altında mütləq müəyyən qədər torpaq və torf qatı olmalıdır. Əgər ot örtüyünə mən nəzarət etsəydim dediyim kimi edərdim. Bilirsiniz ki, hazırda stadion “Qarabağ” futbol klubunun istifadəsinə verilib və ot örtüyünə də onlar nəzarət edir. Bizim mütəxəssislər də onlara hərtərəfli kömək edir. Baxmayaraq ki, stadiondan “Qarabağ” klubu istifadə edir, istər-istəməz bu stadion bizim fəxri hakimimiz Tofiq Bəhrəmovun adını daşıyır və biz istəyirik ki, buranın ot örtüyü hər zaman yaxşı durumda olsun.

İlkin İsmayılzadə


Xəbər xətti