"Neftçi"nin yeni icraçı direktoru postundan göndərildi

22:46 25 Sentyabr 2016

Bir müddət əvvəl “Neftçi”də baş verən dəyişikliklər böyük səs-küyə səbəb olmuşdu.


Sportarena.az rekord.az-a istinadən xəbər verir ki, sabiq baş məşqçi, icraçı direktor və onun müavini qovulmuş yerlərinə müvafiq təyinatlar edilmişdi. Onların içərisində Elnur Eyvazov və Orxan Hüseynzadə vardı. Birincisinə icraçı, digərinə isə idman direktoru işi həvalə edilmişdi. 

 
Ancaq deyəsən, durum yenə dəyişib.

 
Klubdakı mənbənin “Rekord.az”a verdiyi məlumata görə, Elnur Eyvazov postundan uzaqlaşdırılıb. Daha doğrusu, onun işlərinin icrası idman direktoru Orxan Hüseynzadəyə tapşırılıb. Bunun AFFA-nın təsiri altından baş verdiyi deyilir. Belə ki, yenilər içərisində yalnız Eyvazov federasiyanın kadrı deyildi və onun da səlahiyyətsiz qoyulması gözlənilən idi. Artıq yaxın günlərdə struktur dəyişikliyinin elan ediləcəyi və bu məlumatın rəsmən təsdiqlənəcəyi gözlənilir.
 

Məsələ ilə bağlı "Neftçi"nin mətbuat katibi Mehman Rəsulov isə açıqlamasında bunları deyib: "Müşahidə Şurasını son iclasında qeyd olunmuşdu ki, klubun strukturunda dəyişikliklər olacaq, amma dediyiniz təyinatlarla bağlı vəziyyət öncədən bildirdiyimiz kimidir. Struktur dəyişikliyi fonunda səlahiyyətlərdə də müəyyən dəyişiklik ola bilər. Ancaq hazırda bu, gündəmdə deyil".
 

Elnur Eyvazov postuna sentyabrın 14-də təyin olunmuşdu. 


Xəbər xətti