Bezotosnıdan yeni rekord

14:14 26 Sentyabr 2016

Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”nin qonağı olub. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümün 6-cı oyununda da qapısını toxunulmaz saxlayıb. 

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun  komandası “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la görüşlərdə də qol buraxmayıb. 

Altı matçda rəqib qapılarına 17 top vuran “Qəbələ” tarixinin ən uğurlu startına imza atıb. “Qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı isə öz rekordunu yeniləyib. Ötən mövsümün son iki matçında – AZAL (2:0) və “Kəpəz”lə (1:0) görüşlərdə də qol buraxmayan ukraynalı qolkiper ardıcıl “quru” oyunlarının sayını 8-ə çatdırıb. Bu, klub tarixində 2-ci belə seriyadır. 2010-cu ilin sonunda “Qəbələ” ardıcıl 10 matçda qol buraxmayıb.

Bezotosnı isə sonuncu dəfə mayın 11-də “Qarabağ”la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxıb. Həmin vaxtdan sonra qapısını 778 dəqiqə toxunulmaz saxlayan Dmitri ötən mövsümkü nəticəsini geridə qoyub. Həmin vaxt ukraynalı əlcək sahibi 727 dəqiqə qol buraxmamışdı. Bu dəfəki seriya Bezotosnıya İFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən tərtib olunan və ən azı 660 dəqiqə qol buraxmayan qapıçıların siyahısına 2-ci dəfə düşmək imkanı verib. Lakin Bezotosnı “Qəbələ”nin tarixinin rekordunu yeniləmək üçün növbəti matçları gözləməlidir. Azərbaycan çempionatları tarixində 9-cu olan Dmitri bu siyahıda 5-ci olan Pavel Doroşevdən 174 dəqiqə geri qalır. “Qəbələ”nin rekordçusu 2010-cu ildə 952 dəqiqəlik seriyaya imza atmışdı.

“Qəbələ” startda 6 oyun qol buraxmayan 3-cü komanda olub. 1998/99 mövsümündə “Dinamo”, 2010/11 mövsümündə “Xəzər Lənkəran” bunu bacarıb. Startda ən uzun qol buraxmamaq seriyası da cənublulara məxsusdur. Bakılılar 7-ci oyununda qol buraxıbsa, Lənkəran klubu yalnız 8-ci matçında qapısında qol görüb. “Qəbələ” növbəti turda qol buraxmasa, “Xəzər Lənkəran”a məxsus rekordu təkrarlayacaq.
“Zirə” ilə qarşılaşma Teo Uiksin dublu ilə də əlamətdar olub. Ölkə çempionatlarında qol hesabını açan liberiyalı “Qəbələ”nin tarixində 41-ci dublun müəllifi olub. O, bunu bacaran 28-ci futbolçudur.

Bunadək keçirdiyi son 3 oyunda da qalib gələn “Qəbələ” mövsümün rekorduna da şərik olub. “Qırmızı-qaralar” cari mövsümdə ardıcıl 4 matçda 3 xal qazanan 2-ci komanda olub.


Xəbər xətti