Fatih Terimdən sürpriz Arda Turan qərarı

10:51 28 Sentyabr 2016

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanla bağlı qərarını dəyişməyə hazırlaşır. 

Avropa çempionatında yaşanan "mükafat böhranı"ndan sonra Arda və bir neçə aparıcı futbolçu Xorvatiya matçına dəvət almamışdı.

Bundan sonra ölkə mediası və ictimaiyyət Terimin şqərarına kəskin şəkildə etiraz etmiş, baş məşqçini mübahisələri şəxsi ədavətə çevirməkdə günahlandırmışdı. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "İmperator"dan qərarına yenidən baxmağı xahiş etmişdi. Dövlət başçısı Beştepe sarayında TFF prezidenti Yıldırım Dəmirörən və Fatih Terimlə keçirdiyi görüşdə "Mübahisələr milli komandaya mənfi təsir edir. Arda ilə bağlı qərarınıza yenidən baxmağı xahiş edirəm" demişdi.

Üstəlik son dövrlər Arda formasının demək olar ki, zirvəsindədi. "Barselona"da mütəmadi oynayan futbolçu qollar vurur, məhsuldar ötürmələr verir. 

Türkiyə mediasının məlumatına görə, Terim problemin "şəxsi məsələ"yə çevrilməməsi üçün Ardanı oktyabrın 6-da Ukrayna, 3 gün sonra İslandiya ilə baş tutacaq matçlara dəvət edəcək.

Qeyd edək ki, Arda bu mövsüm "Barselona"da keçirdiyi 8 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbər xətti