İlham Əliyev: "Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir"

13:49 30 Sentyabr 2016

"Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir. Bu məqsədlə ölkəmizdə yeni stadionlar tikilib, uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanır. Ümidvaram ki, gənclər və uşaqlar üçün yaradılan şərait bir neçə ilə yaxşı nəticələr verəcək".

Sportarena.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəyə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. 

UEFA prezidenti Aleksander Çeferin Azərbaycana ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlədiyini və oyunun yaxşı keçdiyini deyib.

Azərbaycana səfər etməsindən məmnunluğunu vurğulayan A.Çeferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb. UEFA prezidenti təşkilatçılıq işlərindən məmnunluğunu bildirib, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu deyib.

Dövlət başçısı dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qəbələ" - "Maynts" oyununa toxunaraq "Qəbələ" futbol klubunun gənc komanda olmasına baxmayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti