"Şəmkir"in futbolçusu: "Premyer Liqa klublarından zəif deyilik"

01:09 5 Oktyabr 2016

Azərbaycan çempionatının 1-ci divizionunda mübarizə aparan “Şəmkir” bu mövsüm Premyer Liqaya çıxmağı hədəfləyir. Qərb təmsilçisinin futbolçusu Elvin Mirzəyev komandasının indiki durumu və gələcək planları barədə danışıb.

 

- Son vaxtlar “Şəmkir” klubunda durumların yaxşı olduğu söylənilir. Hər şey göründüyü kimidir?
- “Şəmkir”də çox gözəl mehriban kollektiv var. Klubun maddi durumu da yaxşıdır. Bəlkə də, çox Premyer Liqada oynayan klublardan yaxşıdır komandamızın vəziyyəti. Şəmkir şəhəri də gözəl və səliqəli şəhərdir. Burada özümüzü çox rahat hiss edirik.

 

- Səncə “Şəmkir” Premyer Liqaya vəsiqə qazana biləcək?
- Bunun üçün əlimizdən gələni edirik. “Şəmkir” hazırda çox güclüdür. Komanda baş məşqçimizin bütün tapşırıqlarını olduğu kimi yerinə yetirən futbolçulardan təşkil olunub. Əminliklə deyə bilərəm ki, komandamız Premyer Liqada oynayan klublardan zəif deyil. Yeni formalaşmağımıza baxmayaraq Premyer Liqada oynayacaq gücdəyik. İnanıram ki, işimizin öhdəsindən gələ biləcəyik. 

 

- “Şəmkir” Azərbaycanın tarixi klublarındadır və 3 dəfə ölkə çempionu olub.
- Bəli, “Şəmkir”in tarixi haqqında məlumatım var. Bu komanda Azərbaycan futbolunda gözəl izlər qoyub. Bizim də əsas məqsədimiz o izlərin üzərindən layiqincə addımlamaq və yeni tarix yazmaqdır. İnanırıq ki, biz “Şəmkir” adına  daha möhtəşəm bir tarix yazacağıq.

 

- Yəqin ki, xəbərin var baş məşqçiniz Qəhrəman Əliyev “Şəmkir”i bir dəfə ölkə çempionu edib.
- “Şəmkir”in Qəhrəman müəllimlə çox uğur qazandığını bilirəm. İnanırıq ki, bu mövsüm də 1-ci divizionun qalibi olub, uğurlarımızı birlikdə Premyer Liqada və Avropa meydanlarında davam etdirəcəyik.

 

- Bu gün 1-ci divizionun lideri Tovuzun “Turan” klubu ilə qarşılaşacaqsınız.  Səncə, lideri devirmək mümkün olacaq?
- Bu oyuna çox yaxşı hazırlaşmışıq. Mütləq qələbə qazanmalıyıq. “Turan”la oyun bizim üçün çox vacibdir. Bəlkə də dövrənin sonuna kimi ən önəmli matçımızdır.

 

- “Turan”la matçda 3 xal qazansanız, əsas işinizin öhdəsindən gəldiniz demək olarmı?
- Sabahkı oyun nə qədər vacib olsa da, çempionatın son matçına kimi işimizin bitdiyini deyə bilmərik. Biz bu yola addım atanda  bir məqsəd qarşımıza qoymuşuq, çempion olmaq. Bunun üçün də komanda şəkilində bütün gücümüzlə mübarizə aparıb, məqsədimizə nail olmağa çalışacağıq.

 

- “Xəzər Lənkəran”ın yetirməsisən və doğma klubun dağıldı. Bu sizə necə təsir edir.
- Çox üzülürük. Amma azarkeşlərə görə daha çox məyusuq. Çünki Lənkəranda futbolu çox sevirlər və artıq onlar futbolsuz qaldılar. Bu heç də yaxşı hal deyil. 

 

- Şəmkirdə yoxsa Lənkəranda futbolu daha çox sevirlər?
- Deyərdim ki, hər iki şəhərdə də eyni sevirlər. “Xəzər Lənkəran” Premyer Liqaya azarkeşləri ilə rəng qatırdı. Azərbaycanda futbol azarkeşi deyəndə Lənkəran yada düşürdü. Şəmkir də futbolu çox sevirlər. 1-ci divizionda oynamasına baxmayaraq bütün oyunlara azarkeşlər gəlir.

 

- “Şəmkir” azarkeşlərinə nə demək istərdin?
- Azarkeşlərimizdən bizi hər zaman dəstəklərmələrini xahiş edirəm. Bizi meydanda tək qoymasınlar. Biz də çalışacağıq ki, onları sevindirək. İnşallah mövsümün sonunda onlara daha gözəl sevinc hissləri yaşadarıq.

 

- Hələ gənc futbolçusan. Gələcəklə bağlı nə düşünürsən?
- İlk olaraq “Şəmkir”lə Premyer Liqaya yüksəlmək və yaxşı nəticələr qazanmaq istəyirəm. 

 

 - Premyer Liqaya çıxmaqdan söz açdın. Orda oynaya biləcək gücdəsən?
- Qeyd etdiyim kimi, biz heç bir klubdan və ya futbolçudan geri qalmırıq. Amma daha yaxşı yerlərə getmək, Avropa təcrübəsi yaşamaq üçün daha çox çalışmalıyıq.

 

- Belə başa düşdüm ki, gələcəkdə legioner həyatı yaşamaq istəyirsən.
- Kim istəməz ki, daha böyük klublarda oynasın? Təbbi ki, mən də istəyirəm. Amma bu tək istəklə bitməməlidir. Qeyd etdiyim ki, daha çox çalışmalıyam. 

 

(sportal)


Xəbər xətti