Lənkəran azarkeşləri etiraz edir: "O stadionda heç bir klub kubok qaldırmayacaq!"

17:34 6 Oktyabr 2016

Bu gün AFFA-nın inzibati binasında ölkə kubokunun püşkü atılıb. Püşkatma mərasimindən sonra PFL-in prezidenti  Ramin Musayev kubokun final oyununun Lənkəranda keçiriləcəyi ilə bağlı açıqlama verib. Sözügedən açıqlama fəaliyyətini dayandırmış "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən heç də xoş qarşılanmayıb. Belə ki, komandanın azarkeşləri bu barədə sosial şəbəkələrdə öz etirazını bildiriblər. 


Sportarena.az saytı olaraq, komandanın azarkeşlərinin fikirini öyrəndik. 


Bunun üçün ilk olaraq "Xəzər Lənkəran" klubunun  azarkeşlərlə iş üzrə əlaqələndiricisi və eləcə də komandanın ən sadiq azarkeşlərindən biri olan Elman (Eliko) Tağızadə ilə əlaqə saxlayıb onun bu barədə fikirlərini öyrənməyə çalışdıq.

O, bu barədə açıqlamasında final oyununun Lənkərana keçirilməsini istəmədiyini bildirdi:
"İnanırıq ki, bu elə ehtimal olaraq qalacaq. Çünki Lənkəran azarkeşilərinin çoxu razı olmaz doğma stationda başqa klub kubok qaldırsın. İstəmirik final Lənkəranda olsun.


PFL prezidenti müsahibəsində qeyd edib ki, "Neftçi" finalda olsa, görüş Lənkəranda keçirilməyəcək. Buradan da belə nəticəyə gəlmək olur ki, finalin harada keçiriləcəyi qaldı gələn ilə. Hələ qərar verilsin, sonra necə etiraz edəcəyimizə baxarıq. Amma azarkeşlərin 90%-i buna razı deyil. İnşallah olmaz. Biz buna inanırıq."


Həm meyxana ustadı, həm də "Xəzər Lənkəran"ın ən çılğın azarkeşlərindən biri olan Kərim Kərimli (Kərim Abi) isə sözügedən açıqlamaya kəskin reaksiya verdi:
"Bu günə qədər istər Ramin Musayev, istərsə də ordakı başqa rəhbərlər olsun, heç vaxt mənim könlümü açacaq qərar verməyiblər. Hal-hazırda ölkədə məhəllə çempionatına oxşar liqanın keçirilməsində də dolayı yolla onlar günahkardırlar. 
"Xəzər Lənkəran" dağılandan sonra biz - Lənkəran azarkeşləri hələ də o stresi yaşayırıq, təsir edir bizə. Ölkə futbolunun ən hegemon komandası biz olmuşuq, həm azarkeş baxımından, həm də keyfiyyət baxımından. Görüntü olaraq "Xəzər Lənkəran"dan original bir komanda olmayıb. Bu gün isə biz bu çempionata qıraqdan "baxırıq"(baxmırıq). Bir yandan da çıxardıb gətirib kubokun final oyununu Lənkəranda keçirmək istəyirlər. "Xəzər Lənkəran" var olan vaxtları niyə salmırdılar finalı Lənkərana? Onda niyə Gəncədə, Naxçıvanda, Bakıda, Qəbələdə keçirdidilər? İndi Xəzər yoxdur deyə, Lənkəran yadlarına düşüb? Gəlib Lənkəranda hansısa başqa bir klub kubok qaldıracaq? Biz azarkeşlərlə nə düşmənçilikləri varki onların? Burda birmənalı olaraq qərəz var, insanların hisləri ilə oynayırlar, sonra da deyirlər ki, "Xəzər Lənkəran" azarkeşləri sökür, dağıdır hər yanı.
Lənkəranda finalın keçirilməsi lazım deyil, getsinlər başqa yerdə eləsinlər. Gül kimi stadionları var".


Digər xəbərlər

Xəbər xətti