Liqaların oyunları yenə də "Dalğa Arena"da keçiriləcək

17:51 7 Oktyabr 2016

Dərs ilinin başlanması ilə aşağı yaş liqalarında yarışlara da start verildi. Ötən il olduğu kimi bu mövsüm də AFFA-nın bayrağı altında 9 yaş qrupu üzrə birincilik keçiriləcək. Əvvəlki illə müqayisədə komandaların və futbolçuların sayında artım müşahidə olunur ki, bu da sevindirici məqamdır. Deməli, kütləvilik artır. Amma müəyyən çətinliklər qalmaqdadır, bəzi problemlərin həlli tapılmamış qalır. Bu haqda mütəmadi olaraq materiallar hazırlayacağıq. İndi isə liqalar barədə qısaca məlumat verək.
Bu il  U-19 liqasını çıxmaq şərtilə (U-19 liqası uşaq futboluna aid deyil - red.) qalan 8 liqada ümumilikdə 622 komanda iştirak edir. Bundardan 494-ü daha aşağı yaş qruplarının payına düşür: U-10 - 97, U-11 - 99, U-12 - 100, U-13 - 104 və U-14 - 94 komanda. Bu 5 liqa üzrə ötən bu həftənin bazar ertəsinə olan məlumata görə 7796 futbolçu qeydiyyatdan keçib. U-15 və U-17 liqasında 13, U-16-da isə 12 komanda və həmin komandalardakı futbolçuları nəzərə alsaq, say 9 minə çatır. Üstəlik, yarışların gedişində demək olar ki, hər gün bir neçə futbolçu qeydiyyata alınır. Bu barədə AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəhbəri Yusif Vəliyev məlumat verdi. Yusif müəllimin sözlərinə görə, futbolçu sayı ilə əlaqədar qeydiyyat davam edir. Eyni zamanda Naxçıvan zonası üzrə hər liqaya 8 komanda əlavə olunacaq ki, bu da komandalarının sayının artması deməkdir.
Yusif Vəliyevdən yarışların keçirilmə qaydalarında və formatında hansısa dəyişikliklərin olub-olmaması ilə maraqlandıq. Şöbə müdirinin bildirdiyinə görə, bütün liqalarda yarışlar ötən il olduğu kimi keçiriləcək. Yəni, format və qaydalarda hansısa dəyişikliklər edilməyib. Buna da səbəb komandaların sayının artmasıdır. Çünki, komandaların sayı çoxaldıqca, avtomatik olaraq turların da sayı artır. Bu zaman formatda dəyişiklik etmək mümkünsüz olur. Bu məqam həm də əlavə turnirlərin keçirilməsinə əngəl törədir. Məsələn, ötən bir neçə mövsümdə əsasən paytaxt zonasında 1-ci mərhələdən sonra 2-ci mərhələyə vəsiqə qazana bilməyən komandalar yarışlardan kənar qalırdılar. Bu isə öz növbəsində futbolçuların 6-9 ay futbolsuz qalmasına səbəb olurdu. Bu il turların artması ilə əlaqədar “altılığ"a düşməyənlər daha az müddətə yarışlardan kənar qalacaqlar. Yeri gəlmişkən, Yusif müəllim hələ iyun ayında qəzetimizə verdiyi müsahibədə belə komandalar üçün əlavə turnirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirsə də, deyəsən, bu alınmayacaq. Bayaq vurğuladığımız kimi, komandaların və turların sayının artmasına görə . Amma AFFA həmin komandaların rəhbərliklərinin istədiyi halda əlavə turnirlər keçirmək üçün lazım olan dəstəyi göstərməyə hazırdır. 
Sonda Yusif Vəliyevlə söhbətdə o da məlum oldu ki, U-10-U-14 liqalarında paytaxt zonası üzrə yenə də bütün oyunlar “Dalğa Arena"nın yardımçı meydanlarında keçiriləcək. Deyəsən, AFFA-nın balansında olan və şəhərin digər yerlərində yerləşən stadionlarda qrafik sıx  olduğundan liqaların oyunlarının həmin arenalara salınması mümkün deyil. “Dalğa Arena"nın Mərdəkanda yerləşdiyini və orada hava şəraitinin nadir hallarda münasib olduğunu nəzərə alsaq, bu mövsüm də uşaqlar əziyyət çəkəcəklər. 

«Het-trik news» qəzeti

 


Xəbər xətti