Cavid Hüseynov kassasiya şikayətini geri götürdü

12:15 8 Oktyabr 2016

Jurnalist Rasim Əliyevin ölümü çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
 
O bildirib ki, apellyasiya məhkəməsinin ilkin qərarından sonra verilən şikayəti geri götürüblər: “Cavidlə məsləhətləşdik. Belə qənaətə gəldik ki, şikayətimizi götürək.
 
A. Məmmədov bildirib ki, işə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.
 
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.(lent.az)


Digər xəbərlər

Xəbər xətti