Maksim Medvedev: "Onların nümayəndələrindən biri mənə və baş məşqçimizə yaxınlaşıb dedi ki..." - MÜSAHİBƏ

01:13 9 Oktyabr 2016

DÇ-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamız Bakı Olimpiya Stadionunda (BOS)  Norveç yığmasını 1:0 hesabı ilə məğlub edib.


Oyundan sonra komandamızın yeganə qolunun müəllifi Maksim Medvedev sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

- İlk öncə oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Çox sevinirik. Vacib olan 3 xalı qazana bildik. Baxmayaraq ki, rəqib Norveç idi, amma futbolçularımız çox yaxşı vuruşdular. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Özüm də həddindən çox sevinirəm, çünki qələbə qolunu vura bildim. Bu, mənim milli karyeram ərzində ilk qolum idi. Çalışacağıq ki, eyni tempi qoruyaq. Bildiyiniz kimi 3 gün sonra səfərdə Çexiya millisi ilə qarşılaşacağıq. Çətin oyun olacaq. 


- Stadiona bu qədər azarkeşin toplaşacağını gözləyirdinmi?
- Sözün açığı, bu qədər azarkeşin stadiona gələcəyini gözləmirdim. Çünki özüm də mətbuatda izləyirdim nə qədər biletin satıldığını. Bu gün həqiqətən də azarkeşlərimiz alqışalayiq idi. Gücümüz az olsa da, azarkeşlərin dəstəyi nəticəsində sona qədər vuruşduq. Heç özüm də bilmirəm bu qədər azarkeş haradan gəldi stadiona (gülür). 

 

- Oyundan öncə norveçli jurnalistlər çox iddialı danışırdı, millimizə qeyri-ciddi yanaşırdı. Bu, sizdə qıcıq yaradırdımı?
- Xeyr, bu, bizdə qıcıq yaratmır. Mən özüm dünən mətbuat konfransına gələndə onların nümayəndələrindən biri mənə və baş məşqçimizə yaxınlaşıb “salam, sabah 3 xalı qazanıb evə gedəcəyik” dedi. Mən karyeramda ilk dəfədir belə bir halla rastlaşıram. Rəqib komandanın nümayəndəsi gəlib bizə belə bir söz deyir. Amma biz oyunumuzu oynayıb qələbə qazandıq. Onlar da gördülər ki, matçdan kim əliboş ayrıldı.


- Hiss olunurdu ki, stadionun ot örtüyü rahat oynamağınıza imkan vermirdi. Dünən də məcburiyyət qarşısında qalıb ehtiyat meydançada məşq etdiniz. “Qarabağ” – “Göteborq” matçında “Tofiq Bəhramov”un da ot örtüyü belə bir vəziyyətə düşmüşdü. Ümumiyyətlə, stadionun ot örtüyünün belə olmasını necə dəyərləndirirsən?
- Tam fərqli stadionlardı. Olimpiya Stadionunun durumu iki gün əvvəlkinə nisbətən bu gün daha yaxşı idi. Çünki iki gün öncə stadionun ot örtüyü suvarılmışdı, məşq etmək çətin idi. Amma bu gün normal idi. Bəzi futbolçular sürüşürdü, amma yenə də normal idi. Fikrimcə, növbəti ev oyununa qədər stadionun ot örtüyü daha yaxşı olar. 


- Növbəti ev oyunu BOS-da, yoxsa başqa stadionda keçirilsə sizin üçün yaxşı olar?
- Hansı stadionda keçirilməsinin fərqi yoxdur. Əgər tribunalar dolacaqsa, burada keçirlməsini istəyərdim. Əvvəllər azarkeşlər stadiona gəlmirdi. Lakin bu qəəbələrdən sonra azarkeşlərin oyuna marağı daha da artacaq. 


- Qol vurduğun epizodda nə fikirləşirdin?
- Baş məşqçimizin tapşırığı idi ki, cərimə və künc zərbələri zamanı irəliyə gedim. Çünki Norveç millisinin oyunçularına nisbətən, bizim hücumçularımızın boyu çox balaca idi. Komandamızın ən hündürboy oyunçularından biri də mən idim. Həmin epizodda gördüm ki Ağabala Ramazanov yaxşı mövqeydədir, top da ona gəldi. Mən də yaxşı mövqey seçdim orada və Ağabalanın ötürməsini qol edə bildim.


- Müdafiənin mərkəzində istədiyin kimi oynaya bilirsənmi?
- Yavaş-yavaş öyrəşirəm. Sözün açığı, yalnız millidə son müdafiəçi oynayıram və “Qarabağ”da isə nadir hallarda həmin mövqedə oluram. Düzdür, baxmayaraq ki, qol vurdum, amma tam oyunumu göstərə bilmədim. Qeyd etdiyim kimi Norveç futbolçuları bizdən çox hündür idi, mübarizədə bəzən uduzurduq onlara. Amma biz buna hazır idik. Qələbə qazanmağımızda əsas səbəblərdən biri də Kamran Ağayevdir. O, həqiqətən də, bu gün çox gözəl oyun oynadı. 

İlkin İsmayılzadə


Xəbər xətti