Prosineçki: "Məşqçi olandan daha çox siqaret çəkirəm"

14:44 11 Oktyabr 2016

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki siqaret çəkməsinə münasibət bildirib. Çexiya mətbuatının məlumatına görə, xorvatiyalı mütəxəssis siqaret çəkməyin fəlakət olduğunu deyib.

Bədəninin əksər hissəində tatu olan R.Prosineçki bunları bildirib: "Siqaret çəkmək fəlakətdir. Ancaq onu ata bilmirəm. Əksinə, baş məşqçi olduqdan sonra daha çox çəkirəm. Heç kim bu cür əsəblərə dözməz. Futbolçu karyeranı həmişə yüksək səviyyədə keçirməyinə heç kim zəmanət verə bilməz. Tanınmış futbolçu olduğum üçün mənə tanınmış məşqçi olmaq lazım deyildi. Ancaq futbolçu kimi həmişə qələbə qazanmışam. İstəyirəm ki, bu amili Azərbaycanın futbolçularına da aşılayım".

47 yaşlı baş məşqçi Azərbaycanda çalışmasından söz açıb. Onun sözlərinə görə, ölkədə futbola istək artır: "Mənim Azərbaycanda əsas məqsədim oyunçulara qələbə ruhunu, sona qədər mübarizə aparmağı aşılamaqdır. Bakı AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biridir. Bu, Azərbaycan üçün açar rolunu oynayır. Artıq hər kəs yerli əhalinin hansı mentalitetə sahib olduğunu bilir. Bura idman ölkəsidir və insanlar futbolu sevirlər. Bu ölkənin böyük potensialı var. İnfrastrukturlar var və futbola böyük yatırımlar edilir. Çoxlu gənc oyunçular var" (sportnet.az).


Xəbər xətti