Prosineçki: "Almaniya ilə rəqabət apara biləcək komanda deyilik"

15:10 17 Oktyabr 2016

Millimizin baş məşqçisi Robert Prosineçi Xorvatiya mətbuatına müsahibə verib.

O, Berti Foqtsu əvəzləməsindən sonra millimizdə nələri dəyişdiyi ilə bağlı sualı belə cavablandırıb:

"Mən ən önəmlisi Azərbaycanda yaşamağa başladım. Sələfimi tənqid etmək istəmirəm. Berti Foqts 1996-cı ildə Almaniya yığması ilə Avropa çempionu olub. Amma o, Azərbaycanda yaşamırdı, ancaq toplanış olanda gəlirdi. Mən isə stadiondan demək olar ki, bütün futbolçuları izləyirəm. Deyərdim ki, qazandığımız nəticələrdə bu, mühüm rol oynadı. Yalnız son zamanlarda bir neçə futbolçumuz ölkə xaricinə çıxıb. Eddi İsrafilov hazırda “Kadiz”dədi, qapıçımız “Boavişta”da çıxış edir. Daha bir futbolçumuz isə Almaniyadadır. Daha çox Azərbaycan çempionatının görüşlərinə baxıram. Çünki 25 namizəddən ən azı 20-sini ölkə çempionatında çıxış edən futbolçular təşkil edir".

Prosineçki deyib ki, "Avro-2016"nın seçmə mərhələsində Norveç və Xorvatiya ilə heç-heçə etdikdən sonra inkişafda olduqlarını anladığını hiss edib:

"İndi isə görürəm ki, adi insanlar da buna inanmağa başlayıblar. Azərbaycan millisi indiyə kimi seçmə mərhələdə 3 oyuna 7 xal qazanmayıb. Dünya çempionatında vəsiqə qazanmağın çətin olacağını bilirik. Onunla müqayisədə AÇ-2020-nin final mərhələsinə getmək daha real görünür. Çünki həmin seçmə mərhələdə hətta 3-cü yeri tutan komandalar da Avropa çempionatına yollana bilirlər. Ölkəni və Azərbaycan xalqını hər oyunda daha yaxşı təmsil etməliyik. Belfastda da belə olmalıdı. Biz ora oyundan 3 gün qabaq gedəcəyik. Yaxşı hazırlaşacağıq. Onlar fiziki cəhətdən güclü komandadılar. Avropa çempionatında Şimali İrlandiyanın çıxışını izləmişəm. Futbolçularım isə fiziki cəhətdən bir az zəifdilər ".

Prosineçkini sözlərinə görə, millimizə baş məşqçi vəzifəsinə təyin edilən zaman qarşısına hər oyunda yaxşı oynamaq vəzifəsi qoyulub:

 


"Seçmə mərhələnin ilk oyununda San Marino üzərindəki qələbəyə Bakıda azarkeşlər çox da sevinmədi. Amma Norveç üzərindəki qələbədən sonra vəziyyət dəyişdi. Çexiya ilə heç-heçədən sonra isə azarkeşlər daha da ümidləndi. Belfastdakı matç seçmə mərhələnin həlledici oyunu olacaq. Əgər qələbə qazansaq, daha böyük tarix yazmağa əsasımız yaranacaq”.
 
Prosineçki bildirib ki, Almaniya qrupda rəqabət aparacaqları komandalar sırasında deyil:

"Məncə, qrupda heç kim özünü Almaniyaya rəqib qismində görmür. Onlar çox güclüdürlər. Çexləri 3:0 hesabı ilə məğlub etdikləri oyuna baxdım. Qrupdakı hər 3 matçda asanlıqla qələbə qazanıblar. Almaniya yığmasının qapısını dahi Manuel Noyer qoruyur”.


R.Prosineçki həmçinin Türkiyədə "Kayserispor"u çalışdırdığı dönəmdə 2010-ci ildə “Beşiktaş”ın təklifini rədd etməklə səhv yol verdiyini deyib:

"Düzdür, səhv etdim, amma klubuma qarşı vicdanlı davrandım. Getdikcə məşqçi kimi daha da güclənirəm”.(qol.az)


Digər xəbərlər

Xəbər xətti