"Xəzər Lənkəran" rəhbərliyinin şok layihəsi

23:14 18 Oktyabr 2016

Ötən mövsüm elitanı tərk edən ardınca, I divizionda iştirak etməkdən imtina edən “Xəzər Lənkəran”ın indi quru adı qalıb. Düzdü, rəhbərlik klubun fəaliyyətini tam dondurması ilə bağlı açıqlama verməyib. Formallıq xatirinə 3 uşaq komandası saxlanılır ki, səbəbi aydındı. Gələcəkdə Mübariz Mınsimov yenidən fikrini dəyişib, milyonlar xərləmək istəsə, heç olmasa yenidən qurmaq üçün əldə material olsun. Amma bu gün üçün heç bir yenilik yoxdu. Yəni yenidən o əzəmətli “Xəzər Lənkəran”ı görəcəyimiz ehtimal olaraq qalır. 
Əsas komandanın dağılmasından sonra ən böyük sual bazanın necə saxlanacağı idi. Belə deyək, hansı pulla və kimin üçün? Sən demə klub rəhbərliyi – Mais Mənsimovla Tuyqun Nadirov çoxdan, ötən mövsüm başa çatan kimi baş sındırıb və gəlir əldə etmək üçün çıxış yolunu tapıb: baza kommersiya obyektinə çevrilsin! Məsələn, konfrans zalı üçün nəzərdə tutulmuş otaqlardan birinin divarına şüşə döşənib və 30 manat qarşılığında rəqs dərslərinin keçirilməsi məsləhət görülüb. Hovuz və trenajor zalı da onun kimi. Yoldan keçən hər kəs bu məbləği ödəməklə məşq edə bilər. Və ən nəhayət, həcminə görə digərlərindən böyük yeməkxana zalı şənlik və yas mərasimlərinin təşkili üçün uyğun sayılıb.  Və artıq bir neçə dəfə icarəyə verilib. Bir sözlə, vaxtilə pula pul deməyən, özü ona buna pul paylayan “Xəzər Lənkəran” rəhbərliyi indi sıravi vətəndaşların cibinə möhtac qalıb. Yox, keçilən yoldusa, dünyada rast gəlinən təcrübədirsə, niyə indiyə qədər bu yol seçilmirdi? Niyə o otaqlar rəqs dərnəkləri kimi istfadə olunmurdu? Əsas komanda yay fasiləsi zamanı 1 -2 aylıq fasilyə buraxılanda niyə həmin yeməkxana şənliklər üçün icarəyə verilmirdi?
Bizə ötürülən məlunatlar təkcə bununla bitmir. Hal- hazırda gözdən pərdə asmaq üçün fəaliyyət göstərən 3 uşaq komandasına yaradılan şərait də arzuolunan səviyyədə deyil. İsti su yoxdu, formalar yararsız vəziyyətdə, top məhdud sayda...
Təbii ki, bunlar bazadakı vəziyyətə canlı şahidlik etmiş birinin dediklərdir. Amma belə xəbərləri qarşı tərəfin fikirini öyrənmədən vermək olmur.  Odur ki, həm olmayan “Xəzər Lənkəran”ın həm də “Palsüd”ün mətbuat katibi vəzifəsini icra edən Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, yazdıqlarımızı diqqətinə çatdırdıq. Gizlətmədi, bir çox faktların doğru olduğunu bildirdi. 
SÖhbətə “rəqs dərnəyi ilə yeməkxananı yas mərasimi kimi icarəyə götürməyin qiyməti neçəyədir” sualı ilə başladıq. 
“Dediklərinizin çoxu həqiqəti əks etdirir. Bu da 3 aylıq idi. Sadəcə, eksprimet edib yoxladıq. Əvvəl əsas komanda var idi deyə edə bilmirdik. Amma bu yay baza boş qalmışdı. Uşaqlar üçün də yay tatili idi deyı onlar üçün şərait yaratmaq qərarına gəldik. Əlavə konfrans zalı var, oranı rəqs dərnəyi üçün icarəyə verilmişdi. Oktyabrın 1-dən etibarən hamısına son verildi. Yeməkxana 2, 3 dəfə ad günü şənlikləri üçün icarəyə verilib. Amma yas mərasimi təşkil olunmayıb. Bu məlumat həqiqəti əks etdirmir. Bir də hovuz zalı icarəyə verilmişdi. Bu işlə məşğul olan peşəkar xanım vardı, ona vermişdik ki, uşaqlara üzgüçülük dərsləri keçsin. Şəxsən mənim oğullarım da üzməyi bazadakı hovuzda öyrəndi. Bundan sonra oranı təmirə bağlamaq istəyirik deyə, oktyabrın 1-dən hovuz da fəaliyyətini dayandırıb. Həm də, hovuzun saxlanılması, qulluq olunması xeyli vəasit tələb edir. Dünya təcrübəsində də bazanın müxtəlif məşq və dərnəklər kimi  icarəyə verilməsi faktı var.”
Hüseyn bəyin uşaq komandalarındakı çatışmamazlıqlar barədə sualımıza reaksiyası isə belə oldu.
“Hazırda 3 komanda fəaliyyətini davam etdirir. Xəbəri sizə kim ötürüb bilmirəm amma məsləhət görərdim ki, qəzetdən bir nəfər Lənkərana ezam olunsun və gənc futbolçulara yaradılan şəraitlə yerində tanış olsun. Rəqs dərnəklərini, şənliklərin təşkilini, hovuz icarəsini soruşduz, səmimi cavab verdim. Ağa ağ, qaraya qara deyən adamam. Amma uşaq futbolunda dediyiniz nöqsanlar yoxdu. Bu dəqiqə qazanxana işləyir, isti suyumuz var. Uşaqlar da məşq edəndən sonra yuyunur. Ola bilsin, daşqınlar olanda müvəqqəti problemlər yaranıb. Amma ümumilikdə isti su ilə bağlı çətinliyimiz  yoxdu. U-17-yə əsas komandanın avtobusu verilib. Qidanalanmaları da qaydasındadır. Heç kim şikayət edə bilməz. Bu yaxınlarda inzibatçı anbardan 25 yeni forma dəsti götürüb payladı. Bu dəqiqə əsas komanda bərpa olunsa 1 illik ehtiyatımız var. Forma da var, isti su da, top da... Lazımdırsa, məşq vaxtı şəkillər çəkib göndərim.  Bizdə forma təminatı ilə bağlı heç vaxt çətinlik olmayıb.”

Mənbə "Futbol +" qəzeti

 


Digər xəbərlər

Xəbər xətti