"Neftçi"ni, yoxsa adını dəyişək? - YAZI

23:14 26 Oktyabr 2016

Dünən Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən “Neftçi” – “Qarabağ” matçı maraqlı hadisələrlə yadda qaldı. Görüşün əsas hadisələrindən biri “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşə yumruq-təpik atması oldu. 


Bəli, “Neftçi”nin futbolçusu, o “Neftçi” ki rəhbərliyin, futbolçuların hər açıqlamasında komandanı “xalqın komandası” adlandırırdı. Gör, komandada nizam-intizam nə qədər pozulub ki, hər dəfə “xalqın komandası”yıq deyərək, tənqidlərdən, etirazlardan yayınmağa çalışan futbolçular arxasına sığınmağa çalışdıqları azarkeşlərinə yumruq-təpik atır. 


Belə görünür ki, “Neftçi”də azarkeşlərə artıq sevgi qalmayıb. Bunun səbəbi isə, çox güman ki, azarkeşlərin nəticə tələb etməsindədir. Axı azarkeş sevdiyi komandasının uğur qazanmasını istəyir, uduzmağını deyil. Bu səbəbdən rəhbərlik istefaya çağırılırsa, bunun üçün futbolçuda azarkeşə qarşı nifrət və ya aqressiya yaranmamalıdır. Meydana daxil olan azarkeş bizə heç də yad sima deyildi. O Nurlan Əziz idi, hansı ki, ötən mövsüm “İnter”lə oyunda meydana daxil olmuşdu və Araz Abdullayevlə Rahil Məmmədovun hücumuna məruz qalmışdı. Həmin vaxt “Neftçi” rəhbərliyi Nurlan Əzizi komandanın azarkeşi deyil, “kənar şəxs” adlandırmışdı. 


Ümumiyyətlə, “Neftçi”nin bu günə düşməsinin səbəbi elə özündədir. Əgər vaxtında Araz Abdullayev sürət həddini aşaraq adam öldürəndə, ötən mövsüm Rahil Məmmədovla azarkeşə hücum çəkəndə layiqincə cəzalandırılsaydı, bəlkə də indi rəhbərlik vəziyyətdən çıxış yolu axtarmaq üçün narahat olmazdı. Yaxşı, əgər məlum hadisələrdən sonra Araz və Rahil komandada saxlanıldısa, Tira niyə qovulmalıdır? Azarkeşin gözündə  hörmət qazanmaq üçün? Axı o hörmətə layiq olmayanlar var “Neftçi”də...


Axı niyə “Neftçi”nin futbolçuları belə hərəkətlərlə yadda qalmalıdır? Niyə “Qarabağ”ın, “Qəbələ”nin “İnter”in və digərlərinin futbolçuları nümunəvi olmalıdır, “Neftçi”nin futbolçuları isə harın? Bəlkə də bütün problemlər “Neftçi”nin adındadır, axı hamı “xalqın komandası” deyir. Bəlkə futbolçuların qolları buna görə qalxır, buna görə belə sərt davranırlar? Bəlkə “Neftçi”nin adını dəyişəsiz? Zatən nə komanda uğurlu nəticə əldə etmək niyyətindədir, nə də azarkeşlərin istəyini yerinə yetirmək istəyirsiz...

İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti