Rəşad Sadıqov: "Psixoloji olaraq sıxılıram..."

00:02 30 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
 

Matçdan sonra "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: 
 
- Komandanın oyununu kənardan izləmək necə təsir edir?
- Kənardan izləmək onsuz da çətindi, oyun da alınmayanda bu, lap çətin olur. Ancaq yaxşı ki, fasilədən sonra komanda toparlandı və qələbə qazana bildi.
 
- Bugünkü oyunda nədən narazı qaldın?
- Ümumiyyətlə, sıx qrafiklə oynayırıq. Yorğunluq var. Meydanın vəziyyəti də normal deyil. Məncə, belə şəraitdə uşaqlardan nəsə narazılıq etmək düzgün deyil. Əllərindən gələni edib qələbə qazandılar. Ümid edirəm ki, PAOK-la oyuna qədər bərpa ola biləcəyik.
 
- Öz vəziyyətin necədi? Zədən nə yerdədi?
- Mən onsuz da Norveçlə və PAOK-la oyunlarda tam sağalmamışdım. Həkimlər də demişdilər ki, oynasan, daha da ağırlaşacaq. Ancaq elə vacib matçları buraxa bilməzdim. İndi də müalicə gedir. Bu gündən fərdi məşqlərə başlamışam. Bilmirəm, növbəti oyuna hazır olacam, ya yox. Həm PAOK-la, həm də Şimali İrlandiya ilə vacib oyunlarımız var. Mənim üçün bu vəziyyətdə müalicə olunmaq çox ağırdı. Psixoloji olaraq sıxılıram ki, qarşıda o cür iki vacib oyun var, mən də qalmışam qıraqda.
 
- Həm millinin, həm də "Qarabağ"ın qarşıdakı oyunlarını düşündükcə hansında daha çox oynamaq istəyərdin? Seçim imkanı olsaydı, hansı oyunu seçərdin?
- Biri "Qarabağ", digəri isə milli üçün tarixi oyun ola bilər. Seçim etmək çox çətindi. Hər iki oyunda oynamağı çox istəyirəm. Heç olmasa, 10-15 dəqiqə də olsa, meydana çıxmaq istəyirəm. Düşünürəm ki, bəlkə də tam hazır olmasam, qıraqda durmağım daha faydalı olacaq. Necə məsləhət bilsələr, elə də oynayacağıq.
 
- Yunanıstandakı matçı qrupun həlledici oyunu saymaq olarmı? PAOK-a qalib gəlsəz, mərhələni böyük ölçüdə adlamış olacaqsız...
- Belə deyək də, həlledici oyunlardan biridi. Bu günə qədər meydana çıxdığımız oyunların içində ən önəmlisi demək olar. Qələbə qazansaq, lap əhəmiyyətli hala gələcək.
 
- Sonda PAOK-la oyun haqqında fikirlərini ümumiləşdir...
- Bilirik ki, yunanlar evdə çox aqressiv oynayırlar. Bir çox futbolçunu yaxından tanıyıram. İkisi "Dnepr"də, ikisi Super Liqada oynayıb. Biri "Qəbələ"də çıxış edib. Heyətlərini bilirik. Bizi vacib və çətin oyun gözləyir. Hər iki komanda üçün çətin olacaq.


Xəbər xətti