Rəşad Sadıqov: "Az qalırdı ki, ürəyim partlasın"

10:36 11 Noyabr 2016

“Hələ Avroliqada "Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim".


Sportarena.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında söyləyib.


“Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə riskli olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam”.


DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçiriləcən bugünkü oyunla bağlı isə Rəşad Sadıqov bildirib: “Bu matça çıxmamağım mənə çox çətin olacaq. Məşqi kənardan izlədim. Az qalırdı ki, ürəyim partlasın. Amma futbol həyatında belə hallar olur. Başıma belə iş gəldiyi üçün peşman deyiləm. Müalicəmlə məşğul olub tam sağaldıqdan sonra digər qarşılaşmalarda komandama kömək etməyə çalışacam”.


Rəşad Sadıqovun sözlərinə görə, baş məşqçi Robert Prosineçkinin Şimali İrlandiya ilə oyun üçün müəyyənləşdirdiyi heyət barədə də danışıb: “O, həmişə ədalətli heyət qurub. Formada olanlara şans verib. Məşq proseslərini də, futbolçuların klublarındakı oyunlarını da izləyib. Fikrimcə, Şimali İrlandiya üçün açıqlanan heyət ən ideal "11-lik"dir. Heyətdə futbolçular var ki, hamısı oynamağa layiqdir. Sadəcə, baş məşqçimizin öz taktiki gedişləri var. Mənə elə gəlir ki, bu heyətlə bugünkü oyunda uğur qazanacağıq".


Xəbər xətti