Messi "Barselona"dan getmək istəyir

16:36 14 Noyabr 2016

“Barselona” futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya klubu ilə yeni saziş imzalamaq niyyətində deyil.


Bu barədə “Marca” qəzeti yazıb.


Məlum olub ki, Messi bu qərara hələ yayda məzuniyyət vaxtı gəlib. Sonradan argentinalı ulduz atası ilə məsləhət edərək fikrini tam qətiləşdirib. O, müqaviləni artırmamaq niyyəti barədə “Barselona”nın prezidenti Jozep Bartomeunu da məlumatlandırıb. Nəşrə görə, klub rəhbəri ulduz futbolçuya sakitləşmək və bu addımını yenidən götür-qoy etməyi təklif edib.


İyirmi doqquz yaşlı futbolçunun hazırkı müqavilə müddəti 2018-ci ilin iyununa kimi nəzərdə tutulub. Sazışə əsasən, Messi üçün təkcə kompensasiya məbləği 250 milyon avro təşkil edir.


On üç yaşında Kataloniya klubunun gənclərdən ibarət heyətinə cəlb olunan Messi bu günədək professional karyerasını “Barselona”ya həsr edib. İspaniya klubunda səkkiz dəfə Primeroda çempionluğu qazanan argentinalı dörd dəfə ölkə kuboku, dördqat Çempionlar Liqasının qalibi olub. O, həmçinin beşqat ilin ən yaxşı futbolçusu - “Qızıl top” mükafatına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti