Fazil Əsədov: "Futbolu sevən bölgəni futbolsuz qoymaq olmaz" - Layihə

23:08 16 Noyabr 2016

 Sportarena.az saytı “Cənub futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Daha öncəki yazılarımızda Lənkərandakı futboldan, “Xəzər Lənkəran” klubunun fəaliyyətini dayandırmasından bəhs etmişdik. 

Lənkəranda futbol deyildiyində təbii ki, ilk olaraq “Xəzər Lənkəran” yada düşür. Lənkəranda futbola böyük maraq olduğunu nəzərə alıb, «Xəzər Lənkəran»la bağlı mövzunu davam etdiririk. Amma bu dəfə “Xəzər Lənkəran”dan deyil, sözügedən klub dağıldıqdan sonra Lənkəran futbolunun durumundan bəhs edəcəyik. 
“Xəzər Lənkəran” fəaliyyətini dayandırdıqdan sonra Lənkəranda futbola əvvəlki maraq qalıbmı? Klubun nəzdində fəaliyyət göstərən futbol məktəbində məşq edən cənc futbolçuların gələcək aqibəti necə olacaq? Uşaq Gənclər İdman Məktəbi (UGİM) «Xəzər Lənkəran»ın əvəzini verə bilirmi?  Bu və digər suallara cavab almaq üçün Lənkəran UGİM-in dikrektoru Fazil Əsədovla görüşdük. 
Fazil müəllimlə söhbətə keçməmişdən əvvəl onun haqqında qısa məlumat vermək yerinə düşər. Fazil Əsədov veteran futbolçudur. Hələ SSRİ dövründə “Xəzər Lənkəran”, “Avtomobilçi”(Mingəçevir), “Şəfəq”(Sumqayıt) komandalarının, müstəqillik dönəmində isə “Masallı”nın şərəfini qoruyub.  Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Lənkəranda ilk dəfə qızlardan ibarət futbol komandası yaradıb. Daha sonra “Xəzər Lənkəran”ın 1-ci dəstə komandasında və “Masallı”da baş məşqçi kimi çalışan F.Əsədov 2007-ci ildən Lənkəran UGİM-in direktoru vəzifəsində çalışır.

Fazil müəllim söhbətə Lənkəran UİGM haqqında məlumatla başladı. Onun sözlərinə görə, hazırda  məktəbin nəzdində 10-14 yaşlı futbolçulardan təşkil olunmuş 5 komanda var və komandaların hamısı AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirlər. UGİM məktəbdənkənar müəssisə olduğu üçün orada ancaq 15, 16 yaşa qədər olan futbolçular hazırlanır. Bu yaş qruppu üzrə formalaşdırılmış komandalar isə Təhsil Nazirliyinin bayrağı altında keçirilən yarışlarda iştirak edirlər. Daha sonra həmin uşaqlar klublara üz tuturlar. Bu günə kimi UGİM-in bir neçə yetirməsi “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Kazım Kazımlı, Orxan Sadıqlı, Kamran Abdullazadə, Elvin Mirzəyev, Fərid Əsədov, Mahsun Qənbərli, Elnur Cəfərov və digərləri məhz UGİM-in yetirmələridir.

- Bildirdiniz ki, 16 yaşdan sonra futbolçuları  klublara göndərirsiniz. Cənubda futbol klubu yoxdur. Bu sizə hansı çətinliklər yaradır?
- 1-2 il bundan öncə bütün futbolçuların arzusu “Xəzər Lənkəran”da oynamaq idi. Əfsuslar olsun ki, bu gün klubun fəaliyyət göstərməməsi bütün yeniyetmə futbolçularda ruh düşkünlüyü yaradıb. Klublarımızın və onlarda yerli futbolçulara tələbat az olduğu üçün bir çox istedadlı futbolçular itib-batır. Buna rəğmən onlara yol göstərməyə çalışırıq, futboldan uzaqlaşmağa qoymuruq. Bölgələrdə futbolda problemlər çoxdur. Bu problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən dəstək lazımdır. 
-  “Xəzər Lənkəran” fəaliyyətini dayandırdıqdan sonra UGİM-ə müraciət edənlərin sayı artıb?
- Əlbəttə. “Xəzər Lənkəran” olduğu dönəmdə yeniyetmələr daha çox klubun aşağı yaş qruplarında oynamağa can atırdılar. Onlar ümid edirdilər ki, ordan “Xəzər Lənkəran”ın əsas komandasına daha rahat yüksələ bilərlər. İndi "Xəzər Lənkəran" olmadığı üçün bizə müraciət edənlərin sayı çoxalıb.
-  İndiki zamanda əksəriyyət təhsillə futbolun bir araya sığmadığı fikrindədirlər. Sizcə, bu, doğru fikirdir? 
- İdman məktəblərində təhsillə birgə futbol olmalıdır. Haqlısınız, bu gün futbolçular təhsillə futbolu bir arada tuta bilmirlər. Məktəblərdən müəllimlər də bizə bununla bağlı narazılıqlarını bildirilər. Artıq bu istiqamətdə müxtəlif işlər aparırıq, uşaqlarla söhbət edirik. Çalışırıq ki, futbolla məşğul olan uşaqlar təhsildə axsamasınlar.
- Sizin dövrünüzdə uşaq futbolunun vəziyyəti ilə indiki dövrü qısaca müqayiəsə edə bilərsiniz?
- Bizim vaxtımızda heç nə yox idi, istək var idi. Amma indi hər şey var, istək yoxa çıxıb.(gülür)
- Cənubda futbol məhvə doğru gedir. Çıxış yolunu nədə görürsünüz?
- AFFA tərəfindən bu cənub futbolu diqqətdə saxlanmalıdır. Burada futbola sevgi var. İnsanlar futbolla nəfəs alırlar. Futbolu sevən bölgəni futbolsuz qoymaq olmaz. Bu yöndə AFFA ciddi tədbirlər görməlidir.
- Məsələn.
- “Xəzər Lənkəran” yenidən bərpa olunmalıdır. Əlbəttə ki, təkcə Lənkəranda deyil, Astarada, Masallıda, Neftçalada və digər bölgələrdə də futbol klublarının olması futbolun inkişafı deməkdir. Bölgələrdəki imkanlı şəxslər, biznesmenlər klublar yaratmalıdır. Bu bölgə futbolsuz qalmamalıdır. 
- “Masallı”nın baş məşqçi olmusunuz. Masallıda yenidən böyük futbolun olması nə dərəcədə realdır?
- Bildiyimə görə, Masallıda futbol komandasının yaradılması üçün işlər görülür. Rayonun icra başçısı imkanlı şəxlərə klub yaratmaq tapşırığı verib. Amma bu gün Masallı stadionunun durumu pis vəziyyətdədir. Lənkəranda futbola olan sevgidən danışdım, inanın ki, Masallı camaatı da lənkəranlılardan heç ger qalmır. Onlar da futbol komandası həsrətindədirlər. İnanıram ki, yaxınlarda Masallıda da klub təsis olunacaq. 


- Oğlunuz Fərid Əsədov da futbolçudur. Bölgədə futbolun olmaması ona necə çətinliklər yaradıb?
-  Fərid “Xəzər Lənkəran”da çıxış edirdi. Amma açığı deyim ki, onlar yerli futbolçulara üstünlük vermirdilər. Əlbəttə, hər bir klubda legioner futbolçular olmalıdır ki, bizim gənclər onların yanınında təcrübə toplaya bilsinlər. Lənkərana gətirilən əcnəbilərin arasında təcrübəliləri az idi. Bundan başqa məşqçilər daha çox legionerlərə üstünlük veriridilər. Bu isə öz futbolçularımızın "paslanmasına", oyun praktikasından əziyyət çəkməsinə səbəb olurdu. Təkcə Fərid yox, bir çox futbolçular bu səbəblərə görə komandadan uzaqlaşdılar. Oğlum hazırda “Səbayıl” klubunda çıxış edir. Həm də Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. İnkişafı özündən aslıdır. 
-Bir çox rayonlarda, o cümlədən Lənkəranda UGİM-in balansında olan stadionların  vəziyyətinin ürəkaçan olmadığını gördük. 
- Buralar yağışın və rütubətin bol olduğu ərazilərdir. Bu, bizə çətinlik yaradır. Stadionumuzda drenaj sistemi olmadığı üçün qışda əziyyət çəkirik. Amma bunlara baxmayaraq, Resbublikada UGİM-in balansında olan 5-6 yaxşı stadion varsa, onun birinin Lənkəranda olduğunu iddia edə bilərəm. Bir üstünlüyümüz də budur ki, stadionumuzda ot örtüyü təbiidir. Problem isə yalnız drenaj sisteminin olmamasıdır. Yaxınlarda bu problemi də həll etməyə çalışacağıq.

Fazil müəllimlə söhbətdən göründüyü kimi  "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması nəinki Lənkəranın, ümumilikdə cənub bölgəsinin futbol həyatına ciddi zərbə vurub. Bölgədə futbolun inkişafı üçün yeni klubun yaradılması mütləqdir. Əks təqdirdə futbolun, əsas da uşaq futbolunun inkişafından söhbət gedə bilməz. Bu edişlə yeni klubun yaradılmasını lənkəranlılar çox gözləməli olacaqlar.

Vüsal Yalçınoğlu


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

                                 


Digər xəbərlər

Xəbər xətti