Bülənt Korkmaz: "Azərbaycanlı futbolçularla bağlı siyahı tutmuşam"

17:03 17 Noyabr 2016

“Türkiyədə bir azərbaycanlı dostum var. Orda bizim bir qrupumuz var, onlarla birlikdə dəvətli olaraq gəzməyə gəlmişik. Noyabrın 19-da axşam Türkiyəyə qayıdacam”.


Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Türkiyə futbolunun canlı əfsanəsi Bülənt Korkmaz deyib.


Dünən axşam saatlarında paytaxtımıza təşrif buyuran “Bakı”nın keçmiş baş məşqçisi bunu sosial şəbəkə vasitəsilə yayıb.


Korkmaz açıqlaması zamanı budəfəki səfərinin futbolla əlaqədar olmadığını söyləyib. O, bildirib ki, ölkəmizdə olduğu müddətdə heç bir oyunu canlı izləməyəcək: “Gəlişimin futbolla əlaqəsi yoxdu. Həm də, hazırda elə bir şərait yoxdu ki, hansısa oyunu izləyim. Bu yaxınlarda Bakıya məşqçi dostlarımı göndərmişdim, onlar gəlib Azərbaycan çempionatının oyunlarını izləmişdilər. İndi isə sırf dostumun dəvəti ilə gəzməyə gəlmişəm”.


“Qalatasaray”ın sabiq kapitanı azərbaycanlı futbolçularla bağlı siyahı tutduğunu da vurğulayıb. Belə ki, o, gələcəkdə hansısa klubun “sükanı arxası”na keçsə, hazırda Azərbaycan çempionatında çıxış edən bir neçə oyunçunu transfer edəcəklərini istisna etməyib: “Siyahımda çempionatınızda çıxış edən 10 futbolçunun adı var. Onların bəziləri yerli, bəziləri isə əcnəbidi. Amma bunun təfərrüatını deyə bilmərəm”.


Qeyd edək ki, futbolçu karyerası yalnız “Qalatasaray”la (1986-2005) bağlı olan Bülənt Korkmaz 2009/10 mövsümünün gedişində “Bakı”nı çalışdırıb. 


Xəbər xətti