Sadıq Sadıqov: "Geriyə yol yoxdur, yalnız irəli!"

00:30 22 Noyabr 2016

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və "Neftçi" futbol klubunun sabiq prezidenti Sadıq Sadıqov "Report"un əməkdaşının suallarını cavablandırıb. 

- Cüdo yığmasının baş məşqçisi Peter Zayzenbaxerin taleyinə nə zaman aydınlıq gələcək?
- Hələlik onunla yeni müqaviləmiz yoxdur. Bu da Avstriyada barəsində davam edən məhkəmə prosesi ilə bağlıdır. Zayzenbaxer ona şər atıldığını və haqq-ədalətin tezliklə bərqərar olacağını bildirir. Yığmanın məşqçilər heyətinin digər üzvləri ilə də yeni müqavilə bağlamamışıq.

- Bəs yeni baş məşqçi axtarışına başlamamısınız?
- Xer. Çünki hazırkı məşqçilər heyəti öz işini şərəflə yerinə yetirir. Bu yaxınlarda İsraildə 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatındakı nəticələr - 1 qızıl, 1 bürünc medal da bunu sübut edir.

- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testlərin təkrar analizləri nəticəsində Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovdan, eləcə də ağırlıqqaldıran Nizami Paşayevdən istifadəsi qadağan olunmuş dərman preparatı tapılıb. Həmin olimpiadada qızıl medal qazanmış cüdoçu Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin də belə təhlükə ilə üzləşə biləcəyini düşünmürsünüz?
- Əsla. Heç biri ilə bağlı narahatlığımız yoxdur. Elnur Məmmədli Pekin olimpiadasında heç nəyə ehtiyac hiss etmədən üst-üstə 3 dəqiqə ərzində bütün rəqiblərini ipponla məğlub etdi. Belə idmançıların adlarını xoşagəlməz olaylarda hallandırmaq yox, ucaltmaq lazımdır.

- Bəs bir idman xadimi kimi Vitali Rəhimovdan 8 il sonra dopinq tapılmasına münasibətiniz necədir?
- Əlbəttə, bu, düzgün deyil. O mənada ki, üstündən 8 il keçəndən sonra Vitalinin dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıblar. Vitalinin başqa amillərin köməyilə olimpiadada gümüş medal qazandığına inanmıram.

- Keçmiş komandanızın üzləşdiyi durumla maraqlanırsınız?
- "Neftçi" ilə heç bir işim yoxdur. Hazırda mən federasiyada məsul vəzifədə çalışıram və cüdonun inkişafına cavabdeh şəxslərdənəm. Əlbəttə, uğursuz nəticələr hər birimizə təsir edir. Çünki orada işləmişik, kluba həyatımızın bir hissəsini, gecə-gündüzümüzü həsr etmişik. İnanıram ki, klub bu çətin mərhələni tezliklə adlayacaq və yenidən uğurlu nəticələr göstərməyə başlayacaq.

- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hələ uzun müddət var. Bunu nəzərə alaraq, "Neftçi"yə qayıtmağı təklif etsələr, necə reaksiya verərsiniz?
- Hazırda mən "Neftçi" İdman Klubunda 35 növə rəhbərlik edirəm. Düzdür, "Tokio-2020"yə hələ 3 ildən çox vaxt var. Amma bu, olimpiadaya hazırlıq üçün elə də böyük müddət deyil. Hazırlığı elə "Rio-2016" qurtaran kimi başlamışıq. Növbəti olimpiadaya 10 lisenziya qazanmağı hədəfləmişik. Kişilərin mübarizəsində tam heyətlə, qadınların yarışında isə 3 idmançı ilə təmsil olunmaq istəyirik. Qrafikimiz o qədər sıxdır ki, qalan 3 ili nəinki çox, hətta məhdud vaxt kimi dəyərləndiririk. Qismətimizdə yenidən futbol dönəmi, geriyə yol yoxdur. Yalnız irəli! 
\


Xəbər xətti