Azad Rəhimov: "Azərbaycanın kayak və kanoe növlərində olimpiya medalları qazanmasını fəxrlə qeyd edərdim"

14:57 25 Noyabr 2016

Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib. 

Sportarena.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndəsini Bakıda salamlayıb.
O, idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib: "Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz "Bakı-2015" I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, Formula 1 üzrə Avropa Qran-Prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Ounlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir. Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var.
İdmançılarımız 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edərdim".
Nazir İCF-nin XXXVI Konqresinin Bakıda keçirilməsi üçün Azərbaycana etimad göstərdiyinə görə ali qurumun rəbərliyinə minnətdarlığını bildririb və Konqresin işinə uğurlar arzulayıb.
Daha sonra İCF prezidenti Xose Perurena Lopez hesabat xarakterli çıxış edib. O, ötən müddətdə görülmüş işlərdən, yeni kanoe növlərinin Yay Olimpiya Oyunlarının proqramına salınma perspektivindən danışıb. İspaniyalı funksioner bu sırada sakit sularda kanoenin (wildwater) də 2024-cü il olimpiadasının proqramında yer almasının mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.
Bundan başqa, İCF-nin 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016-2018-ci illəri əhatə edən dövr üçün növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.


Digər xəbərlər

Xəbər xətti