"Qəbələ" "Mançester Yunayted"ə qalib gəldi

12:29 27 Noyabr 2016

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. “Qəbələ” futbol akademiyasının komandaları 13 matç keçirib.
 
"Qırmızı-qaralar" bu görüşlərin 12-də qalib gəlib və yalnız 1-də heç-heçə edib.
 
"Qəbələ"nin U-19 komandası səfərdə “Vətən”i 2 cavabsız qolla məğlub edib. 10 oyundan sonrakı aktivini 22 xala çatdıran “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.
 
U-17 “Kəpəz”lə ev oyununda 6:0 hesabı ilə qalib gəlib. “Qəbələ” 8-ci turdan sonra 20 xala 2-cı yerdədi.
 
U-15 evdə “Gəncə TİM”ə qalib gəlib – 3:0. Ardıcıl 7-ci dəfə qalib gələn komanda 100 faizlik nəticə ilə yarışın vahid lideridi.
 
"Qəbələ"nin paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 komandaları da növbəti matçlarına çıxıblar. “Qarabağ”a 5:0 hesabı ilə qalib gələn U-14 mövsümdə 8-ci qələbəsini əldə edib. 9 oyunda 24 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.
 
“Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn U-13-ün aktivində 9 oyundan sonra 16 xal var. Komanda 6-cı yerdədi.
 
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Ağdaş) 9:0, UGİM isə “Şorsu-2”ni 6:1 hesabı ilə məğlub edib. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, bir oyun az keçirən UGİM 22 xalla 3-cüdü.
 
U-11 Liqasında UGİM “Viktoriya”nı 13:0, “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 12:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən "Qəbələ"nin komandalarının hər ikisi 8 turdan sonra 24 xal toplayıb.
 
U-10 Liqasında “Qəbələ” “Daşqın”a 22:0, Gİİ isə “Balakən”ə 6:0 hesabı ilə qalib gəlib. UGİM isə Qaxın UGİM-i ilə heç-heçə edib - 1:1. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, Gİİ 18 xalla 2-ci, UGİM 13 xalla 6-cıdı.
 
Qızların yüksək liqa yarışının 7-ci turunda “Zaqatala” ilə görüşən “Qəbələ” 3:2 hesabı ilə qələbə qazanıb. 6 matçda 13 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti